Azərbaycan Tibb Universitetində (ATU) təntənəli “Məzun günü” keçirilib. “Bulvar otel”də təşkil olunan tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən söz açıb. O bildirib ki, 2000-ci ildə Azərbaycan Tibb Universitetində məhz Ulu Öndərin qərarı ilə Hərbi Tibb Fakültəsi fəaliyyətə başlayıb: “Bu illər ərzində fakültəmizin bir sıra məzunları Vətənimizin keşiyində layiqincə dayanıb və peşə borclarını uğurla yerinə yetiriblər. Bu gün də ənənəmizə sadiq qalaraq, 121 məzunu hərbi həkim və hərbi feldşer kimi Vətənə xidmətə yollayırıq”.
Rektor G. Gəraybəyli əlavə edib ki, universiteti tərk edəm məzunlar həkim ordusu sıralarına qoşulurlar. “Bu, həm çox məsuliyyətli, həm də şərəfli bir addımdır. Təsadüfi deyil ki, ümumilli lider Heydər Əliyev də Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirib, bu sahəni daim diqqət mərkəzində saxlayıb” – deyə, rektor bildirib.
Daha sonra ATU-nun Hərbi Tibb Fakültəsinin məzunu Eşqin Ələsgərov Həkim Andını oxudu. Məzunlar müqəddəs həkim peşəsinin öhdəsindən layiqincə gələcəkləri və onun şərəfini uca tutacaqları barədə Hippokrat andı içdilər.
Tədbirdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva çıxış edərək, səhiyyə naziri Oqtay Şirəliyevin təbrikini tələbələrə çatdırdı.
Müəllimlər adından histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, tədris şöbəsinin müdiri Samir Cavadov çıxış edərək, tələbələri təbrik etdilər, onlara gələcək həkimlik peşələrində uğurlar dilədilər.
Tədbirdə rektor Gəray Gəraybəyli bir qrup əlaçı məzunlara diplomlar təqdim etdi.
Məzunlar müəllimlərə və ATU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar həkim adının müqəddəsliyini qoruyacaqlarına, onlara göstərilən etimadı doğruldacaqlarına söz verdilər.
Ənənəyə görə hər il ATU məzunları tələbəlik estafeti olan lanset, stetoskop və ağ xalatı I kurs tələbələrinə təqdim edirlər. Bu il estafeti II müalicə-profilaktika fakültəsinin məzunu, prezident təqaüdçüsü Xatun Məmmədova təqdim etdi. Estafeti I kurs tələbəsi prezident təqaüdcüsü Səbinə Feyzullayeva qəbul etdi.
“Məzun günü” ATU təbələrinin ifasında maraqlı konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, bu il ATU-nu 1007 nəfər bitirib. Birinci müalicə-profilaktika fakültəsindən 302, ikinci müalicə-profilaktika fakültəsindən 307, stomatologiya fakültəsindən 133, tibbi profilaktika fakültəsindən 74, əczaçılıq fakültəsindən 71 nəfər məzun olub. Məzunlardan 75-i hərbi həkim, 45-i hərbi feldşerdir, 85 nəfər xarici ölkə vətəndaşdır. Məzunlardan 88-i universiteti fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Tibb Universitetində dünyanın 26 ölkəsindən olan tələbələr də təhsil alırlar.