İyunun 25- də Böyük Elmi Şuranın 2017/2018-ci tədris ilinin sonuncu iclası ATU- nun “Təbib” istirahət mərkəzində keçirildi.
İclası açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdıraraq bildirdi ki, 2017-2018-ci tədris ili üzrə Dövlət Attestasiya Komissiyaları bu günlərdə öz işlərini başa çatdırmışdır: “Buraxılış Dövlət İmtahanları mövcud «Əsasnamə»yə uyğun olaraq keçirilmiş və respublika səhiyyə nazirinin əmrinə tam əməl edilmişdir. Buraxılış Dövlət Attestasiya Komissiyalarının işlərinin nəticələri haqqında hesabat vermək üçün səhiyyə nazirliyinin təsdiq etdiyi Dövlət Attestasiya Komissiyalarının sədrləri və üzvləri elmi şuraya dəvət olunublar. İndi biz onların məlumat xarakterli hesabatlarını dinləyib qiymət verməliyik”.
Bundan sonra Azərbaycan Tibb Universiteti üzrə 2017/2018-ci tədris ilində Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənildi və gənc mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri müzakirə edildi. Buraxılış Dövlət Attestasiya Komissiyasının sədrləri- I müalicə-profilaktika fakültəsi üzrə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, II müalicə-profilaktika fakültəsi üzrə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasının müdiri, tibb elmləri doktoru Teymur Qafarov, ictimai səhiyyə fakültəsi üzrə V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi-Profilaktika İnstitutunun İnsan helmintozları və bağırsaq protozooları laboratoriyasının müdiri, tibb elmləri doktoru Akif Salehov, stomatologiya fakültəsi üzrə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz- çənə cərrahiyyəsi kafedrasının professoru Mahir Əliyev, əczaçılıq fakültəsində bakalavr mərhələsi üzrə AMEA- nın Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Şəfiqə Topçiyeva, hərbi tibb fakültəsi üzrə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general leytenant Nizam Osmanov dövlət imtahanlarının yekunları və nəticələri haqqında ətraflı məlumat verdilər.
Komissiya sədrləri bildirdilər ki, bu il dövlət buraxılış imhanlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür imkana malik geniş, işıqlı otaqlarda tələbələr obyektivlik şəraitində yüksək bilik nümayiş etdirmişlər. İmtahanların belə yüksək səviyyədə təşkil edilməsinə görə univresitet rəhbərliyinə, şəxsən ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə minnətdarlıq edən komissiya sədrləri fakültə dekanlarının da fəaliyyətlərini yüksək qiymətləndirdilər. Daha sonra tədris hissə müdiri, dosent Samir Cavadov 2018/2019-cu tədris ili üçün Azərbaycan Tibb Universiteti üzrə tədris planlarının təsdiqi haqqında sənədi şura iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, sənəddə açıq səsvermə zamanı lehinə yekdilliklə səs verildiyinə görə, 2018/2019-cu tədris ilindən etibarən
ATU-nun tədris prosesində bəzi dəyişikliklər öz əksini tapib. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fənn üzrə auditoriya saatlarının limitinin 25%-dən azaldılaraq 20% edilməsi, bir fənnə aid mühazirə saatlarının 40%-nin buraxılması halında həmin fəndən praktik və seminar məşğələlərdə tam iştirak etməsindən asılı olmayaraq tələbənin müvafiq fənn üzrə imtahana buraxılmaması nəzərdə tutulur. Elmi katib, professor N.Pənahov isə 2018/2019-cu tədris ili üçün Azərbaycan Tibb Universitetinin iş planı barədə şura üzvlərinə məlumat verdi. Böyük Elmi Şura yuxarıda adları çəkilən hər iki planı təsdiqlədi. Hesabat çıxışlarına yekun vuran universitetin rektoru, professor Gəray Gəraybəyli komissiya sədrlərinə imtahanları uğurla başa çatdırdıqları üçün öz təşəkkürünü bildirdi və dövlət-buraxılış imtahanlarının çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Bu və digər məsələlərin qarşıdan gələn yeni tədris ilində rektoryanı və metodik şuralarda müzakirə olunacağını diqqətə çatdıran universitetin rəhbəri çıxışının sonunda professor-müəllim heyətinə mənalı istirahət arzuladı.