AzərbaycanTibb Universitetinin (ATU) Şüa diaqnostikası və terapiyası kafedrasının baş laborantı Lalə Ağabəyli Antalyada Türkiyə Endokrinologiya və Metobalizm Dərnəyinin 40-cı konqresində poster məruzəsi ilə iştirak edib. O, tədbirə deleqat və poster məruzəçisi qismində qatılıb.
L. Ağabəyli konfrans çərçivəsində “Müəyyən ultrasonoqrafik göstəricilər əsasında bəd və xoşxassəli tiroid düyünlərinin proqnozlaşdırma modeli” (A predictive model to distinguish malignant and benign thyroid nodules based on some ultrasonographic features) adlı məruzə ilə çxış edib: “Məruzə zamanı sual-cavab formasında müzakirələr aparıldı. Müxtəlif universitetlərin əməkdaşları tərəfindən tədqiqatın nəticələri haqqında mənə suallar ünvanlandı. Suallara konkret olaraq əldə etdiyimiz kliniki material - düyünün daxili möhtəviyyatının ultrasəs əlamətləri xüsusiyyətlərinin xərçəngi proqnozlaşdırmada rolu, statistik hesablamalarda əldə olunmuş rəqəmlərin təhlili əsasında cavab verdim”.
Baş laborant L. Ağabəyli konqres çərçivəsində müxtəlif plenar mühazirələrdə, simpoziumlarda, debatlarda və müxtəlif professorlarla görüşlərə qatılıb. Sonda müxtəlif seminar və kurslarda iştirakı ilə bağlı sertifikatlarla təltif edilib.
Qeyd edək ki, Türkiyə Endokrinologiya və Metobalizm Dərnəyi endokrinoji və metabolik xəstəliklər sahəsində inkişafı təmin etmək, bu mövzuda tədqiqatlar aparmaq, aparılan tədqiqatları dəstəkləmək, elmi çərçivədə mübadilə üçün konfranslar, seminarlar və kurslar tərtib etmək məqsədi ilə fəaliyyət göstərir.