Təhsil Nazirliyində "Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində bir qrup əməkdaşın mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Şamil Süleymanlı tədbirin əhəmiyyətindən söz açıb, bu istiqamətdə görülən işləri vurğulayıb.
Tədbirdə bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərlərində 38 məktəbin 168 sinfində “Sağlam təhsil - sağlam millət" layihəsi tətbiq edilir. İl ərzində 3 dəfə olmaqla “Sağlam təhsil” siniflərinin müəllimlərinə tibbi-gigiyenik, pedaqoji, psixoloji, sosioloji təlimlər keçirilib. Şagirdlərin sosiallaşma bacarıqlarının artırılması məqsədi ilə müxtəlif tədbirlər təşkil edilib. Eyni zamanda, Təhsil İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssis heyəti tərəfindən “Sağlam təhsil” siniflərində monitorinqlər aparılıb.
Tədbirdə çıxış edən ATU-nun Uşaq və yeniyetmələrin sağlamlığı, əmək sağlamlığı kafedrasının müdiri, layihənin eksperti dosent Şəhla Balayeva universitet əməkdaşlarının layihədə gördükləri işlərdən söz açıb. O, “Sağlam təhsil” texnologiyalarının təhsilalanların sağlamlığına müsbət təsiri haqqında məlumat verib və ATU olaraq gələcəkdə də daima lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov layihə iştirakçılarını təbrik edib. O bildirib ki, layihənin məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik Azərbaycan vətəndaşının, qlobal dünyaya hazır olan nəslin yetişdirilməsidir. Təhsil Nazirliyinin müvafiq layihə çərçivəsində əhəmiyyətli işlər həyata keçirdiyindən danışan nazir müavini qeyd edib ki, tədris prosesində akademik biliklərin əldə edilməsi heç bir şəkildə gənc nəslin, şagirdlərin sağlamlığı hesabına baş verməməlidir. Bu isə layihənin kökündə duran əsas məramdır.
Firudin Qurbanov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. Dəyişən dünyada tədris prosesi də dəyişilməli və inkişaf etməlidir. “Sağlam təhsil - sağlam millət” layihəsi də gənc nəslin bu dəyişikliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib.
Tədbirin sonunda digər iştirakçılarla yanaşı tibbi-gigiyena blokunun nümayəndələrinə - professor Hüseyn Qabulov, dosentlər Şəhla Balayeva, Nigar Süleymanzadə, Sədaqət Həsənova, Zöhrə İsmayılova, baş laborant Nərminə Məmmədzadə və doktorant Qoşqar Orucova “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib.