İtaliyanın Milan şəhərində Avropa İnsan Genetikası Cəmiyyətinin təşkilatçılığı ilə “Psychosocial Aspects of Genetics” (Genetikanın psixososial aspektləri) mövzusunda elmi konfrans keçirilib. Konfransda Avropanın, o cümlədən, dünyanın tanınmış ölkələrindən professorlar, həkimlər, bioloqlar, həmçinin gənc tədqiqatçılar iştirak edib. Elmi konfransda Azərbaycan Tibb Universitetini Tibbi biologiya və genetika kafedrasının 4 əməkdaşı – kafedranın tədris hissə müdiri, baş müəllim Aynur Ənsərova, assistentlər Gülnarə Vəliyeva və Xədicə Yusufova və baş laborant Aysel Həşimova təmsil edib.
Konfransda “Prenatal genetika”, “Xərçəng zamanı DNT zədələnmələri və onların bərpası”, “Populyasiyanın genetikası”, “Metabolik və mitoxondrial xəstəliklər”, “Sonsuzluğun genetikası”, “İntellektual pozğunluqlar”, “Ürək-damar xəstəlikləri” və sairə maraqlı və aktual mövzularda çıxışlar dinlənilib və bu sahədə görülən işlər müzakirə olunub. Eyni zamanda, konfrans iştirakçıları posterləri sərgidə izləmək və onların müəlliflərinə suallar ünvanlamaq şansına da nail olublar.
ATU əməkdaşları konfransda səsləndirilən mövzuları diqqətlə dinləyiblər. Onlar poster sərgisində aktiv iştirak ediblər və onları maraqlandıran sualları məqalə və poster müəllifləri ilə bölüşüblər. O cümlədən, genetik analiz və nanotexnologiya sahəsində nümayiş etdirilən yeni metodlarla tanış olublar və bu konfransdan öyrəndiklərini yeni dərs ilində tələbələrlə bölüşəcəklərini qeyd ediblər. İştirakçılar tədbirin sonunda sertifikata layiq görülüblər.