Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) 2017/2018-ci tədris ili üçün hesabatı keçirildi. Tədbirdə çıxış edən TGT-nin sədri Tural Əzizov qurumun fəaliyyəti haqqında geniş məlumat verdi. O bildirdi ki, tələbə gənclər təşkilatlarının işi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən ölkədə gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq olunması ilə başlanıb: “Tələbə gənclər təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsini təmin etmək məqsədilə, 2005-ci ilin may ayında Azərbaycan Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi”ni təsdiq ediblər. Bu sərancama əsasən, 2006-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatı yaradılıb və fəaliyyətə başlayıb”.
T. Əzizov qeyd etdi ki, TGT-lərin fəaliyyəti maliyyə dəstəyi və büdcəsi olmadan, könüllülük prinsiplərinə əsaslanır. ATU TGT-nin yaradılması ilə Azərbaycan Tibb Universitetinin tələbələri ölkənin ictimai-siyasi həyatında mühüm rola sahib olmağa başlayıb.
Qeyd edək ki, 2014-2018-ci illərdə ATU TGT-nin sədri vəzifəsini Tural Əzizov icra edib. Bu illər ərzində ATU TGT-nin strukturu və idarə heyəti formalaşdırılaraq, fəaliyyətə başlayıb. T. Əzizov hər tədris ili üçün 10-a yaxın layihənin birbaşa olaraq təşkilatçısı və eyni zamanda, ölkədə keçirilən gənclərlə bağlı onlarla tədbirlərin iştirakçisi olub. Onun sözlərinə görə, sentyabrın 15-də ATU TGT “Açıq qapı” günü təşkil edib və universitetə yeni qəbul olunan tələbələrə tədris binalarında hansı dərslərin keçirildiyi barədə məlumat verilib. Bundan başqa, tədris ili ərzində müxtəlif konfrans və sərgilər, intellektual oyunlar keçirilib, tələbələr üçün səyahət turları təşkil edilib. Bundan başqa, bir sıra maraqlı layihələr həyata keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli tələbələri universitet həyatında daha aktiv şəkildə iştirak etməyə çağırdı. Rektorun sözlərinə görə, tələbələrin bu ali təhsil olacağında yüksək təhsil almaları və eləcə də, boş vaxtlarını asudə keçirmələri üçün bir sıra yeni islahatlar həyata keçirilib: “Məsələn, universitet kitabxanasının iş saatı axşam 22:00-dək uzadılıb, yataqxana təmir olunub və s. Bütün bunlar tələbələrin rahatlığı üçündür. Amma tələbələr də istər elm, istər təhsil, istərsə asudə vaxtın təşkili, görüşlərin, konsertlərin keçirilməsi və digər məsələlərdə daha aktiv olmalı, universitet həyatına laqeyd qalmamalıdırlar”.
Rektor G. Gəraybəyli bu il ATU-nun tədris proqramında aparılan ciddi dəyişikliklərdən də söz açdı. Rektor, tələbələrin şikayəti nəzərə alınaraq, bəzi kafedraların ixtisar olunduğunu xatırlatdı: “Biz həmçinin kurasiyanı ləğv etdik, indi proqramlar üzərində ciddi işlər gedir. Birinci addım elektron jurnal, ikinci addım kurasiyaların ləğvi oldu. Bütün bunlar universitetdə şəffaflığın artırılması üçündür”.
Rektor həmçinin görüşdə tələbələri maraqlandıran məsələlərdən danışdı. O qeyd etdi ki, tələbələrin yay istirahətlərini səmərələri keçirmələri üçün lazımi işlər görülüb. Bu il ik dəfə olaraq ATU-nun “Çinar” rəqs ansamblı, “Şəfa” xalq alətləri ansamblının və voleybol komandasının üzvlərinin universitetin “Təbib” istirahət düşərgəsində bir həftəlik pulsuz istirahəti təmin olunacaq.
Daha sonra tədbirdə çıxış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin rəhbəri, dosent Changir Qasımov tələbələri təbrik etdi: “Universitetimizin tələbə təşkilatlarına tədbirlərdə bir-birinizə dəstək olmağı tövsiyyə edirəm. Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlarını bir görmək istəyirəm. Çünki siz bizim gələcəyimizsiniz”.
ATU TGT-nin sədr müavini Rauf Vəliyev də çıxış edərək, universitet rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonda 2017/2018-ci tədris ili ərzində universitetin ictimai-siyasi həyatında fəallıq göstərən tələbələr mükafatlandırıldılar.