Xarkov Tibb Universitetinin tələbələri ATU-nun Tədris Terapevtik Klinikasında təcrübə keçirlər

Azərbaycan Tibb Universiteti (ATU) tələbələrin yalnız nəzəri biliklər almasına deyil, həm də bu biliklərin praktikada möhkəmləndirilməsi işinə böyük önəm verir. Bu baxımdan, ATU-nun nəzdində olan klinikalar tələbələr üçün böyük imkanlar yaradır. Sevindirici haldır ki, artıq xarici ölkələrdən tələbələr də ATU klinikalarında təcrübə keçmək üçün müraciət edirlər.

 

Hazırda Ukraynanın Xarkov Tibb Universitetinin tələbələri Azərbaycan Tibb Universitetinin Tədris Terapevik Klinikasında istehsalat təcrübəsi keçirlər. Ukraynalı tələbələr 29 iyun 2018-ci il tarixindən etibarən “Terapiya və pediatriya” ixtisasları üzrə təcrübə proqramında iştirak edirlər. Prorqram ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Samir Allahverdiyev, klinikanın həkimləri Gülarə Axundbəyli və Səidə Xanməmmədovanın rəhbərliyi altında keçirilir.

 

Proqram zamanı Ukraynanın Xarkov Tibb Universitetinin tələbələri Klinikada tələbə və həkimlər üçün yaradılan şərait, müəssisənin texniki təchizatı ilə tanış olublar. Onlara məlumat verilib ki, Tədris Terapevtik Klinika 2007-ci ildə prezidentin fərmanına əsasən yaradılıb. Hazırda klinikada yüksək profilli həkimlər tibbi xidmət göstərir və bu müəssisə modern tibbi avadanlıqla təchiz olunub.

 

Klinikanın direktoru S.Allahverdiyevin sözlərinə görə, klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi tələbələrin praktika keçməsi işini asanlaşdırıb. Həmçinin, gələcək həkimlərin elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradılıb. Bütün bunlar tələbələrin aldıqları nəzəri bilikləri dərinləşdirməsi və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməsinə imkan verir.

 

Qonaqlar ATU-nun Tədris Terapevtik Klinikasında tələbələ üçün yaradılan şəraitdən məmnun qaldıqlarını, təcrübənin uğurla yekunlaşacağından əminliklərini bildiriblər. Xarkov Tibb Universiteti tələbələrinin istehsalat təcrübəsi iyulun 13-dək davam edəcək.

 

Qeyd edək ki, istehsalat təcrübəsinin əsas vəzifələri tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaqdan ibarətdir.