Bu il iyul ayının əvvəlində Astana şəhərində 1-ci Beynəlxalq Qazaxıstan Bariatrik-Metabolik Cərrahlar dərnəyinin Konqresi keçirilib. Toplantıda Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. Tariyel Ömərov iştirak edib.
T.Ömərovun sözlərinə görə, konqresdə dünyanın 14 ölkəsindən nümayəndələr iştirak edib. Azərbaycanlı mütəxəssis Astana tibb Universitetinin və Qazaxıstan Bariatrik-Metabolik Cərrahlar dərnəyinin rəsmi dəvətilə konqresin işinə qatılıb. Onun fikrincə, bu regionda ilk dəfə bu mövzuya həsr olunmuş elmi toplantının keçirilməsi Orta Asiya dövlətlərində Bariatrik-Metabolik cərrahiyyənində inkişafına təkan verəcək:
“Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyası olaraq bu konfransda dünya şöhrətli professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq. Eyni zamanda, öz təcrübəmizə dair fikir mübadiləsi apardıq. Mədənin Boylama Rezeksiyasının (Sleeve gastrectomy) nəticələrinin daha da yaxşılaşdırılması ilə əlaqədar son 5 ildə gördüyümüz işlərin nəticəsinə dair çıxış etdik. Çünki Bariatrik-Metabolik cərrahiyyəsi yalnız əməliyyatdan ibarət deyil. Bu sahədə uğurlu nəticə əldə etmək üçün pasiyentə yanaşma ortaya qoymaq lazımdır”.
Dərnək sədri bildirir ki, Mədənin Boylama Rezeksiyası əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. Amma bu metodun da özünün müəyyən dezavantajları var. T.Ömərov qeyd edir ki, məhz bu məqamları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün bu metodun modifikasiyasına həsr olunan elmi işi haqqında etdiyi çıxış da koqnres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konqresdə dərnəyin sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. Tariyel Ömərov Qazaxıstan Bariatrik-Metabolik cərrahlar Dərnəyinin Fəxri Üzvü seçilib.
Sevindirici haldır ki, MDB məkanında ilk dəfə məhz Azərbaycanda Bariatrik-Metabolik Cərrahlar Dərnəyi yaradılıb. Beş ildir fəaliyyət göstərən bu qurumun təşkilatçılığı ilə ölkəmizdə 4 dəfə Beynəlxalq Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin Konqresi keçirilib.