I kurs tələbələri ilə görüşlər çərçivəsində növbəti toplantı ictimai səhiyyə fakültəsində keçirilib.

Fakültənin dekanı, dosent Anar Ağayev tələbə adını qazanan gəncləri təbrik edərək onların bu uğurunu yüksək qiymətləndirib. Xatırladıb ki, 10 minlərlə gənc universitetə hazırlaşır, amma onların içərisindən ən yüksək bal toplayanlar öz istəklərinə qovuşurlar.

 

İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasının əsas mahiyyəti haqqında da ətraflı məlumat verən dekan bildirib ki, bu sahə ictimaiyyətin sağlamlığını qoruyan və yaxud ona təsir göstərən bir sahədir: “Yəni bir var ayrı-ayrı fərdlərin sağlamlığının qorunması, bir də var kütləvi sağlamlığın qorunması. Bu nöqteyi-nəzərdən tibbi profilaktika ixtisasına qəbul olunan tələbələrimiz əhali arasında xəstəliklərin yaran­ma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğun­luqlarını öyrənirlər. Onlar epidemioloq, metodist, səhiyyə idarəçiləri və həkim-laborant olurlar. Əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profi­laktik tədbirlər sistemini işləyib hazırlayırlar. Bununla da insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini təmin edirlər”.

 

Bu fakültədə təhsil alan tələbələrin həm də ictimai fəallıqları ilə fərqləndiyini vurğulayan A.Ağayev ixtisas seçimi ilə bağlı bəzən tələbələrdə və valideynlərdə narahatlıq yaradan məsələlərə də aydınlıq gətirib.