Heydər Əliyev
ATU-da fədakar əməyə yüksək qiymət: yaşıl kampusun inkişafına töhfə verən bağban mükafatlandırılıb

ATU-da fədakar əməyə yüksək qiymət: yaşıl kampusun inkişafına töhfə verən bağban mükafatlandırılıb

    Azərbaycan Tibb Universitetində (ATU) insan əməyinin dəyərləndirilməsi, sağlam və dayanıqlı təhsil mühitinin formalaşdırılması universitetin institusional dəyərlərinin əsas istiqamətlərindəndir. Universitetdə hər bir əməkdaşın fəaliyyəti, tutduğu vəzifədən asılı olmayaraq, ümumi inkişafın mühüm tərkib hissəsi kimi qiymətləndirilir. 
   Bu yanaşmanın növbəti nümunəsi ATU-da keçirilən “Məzun Günü–2026” tədbirində öz əksini tapıb. Tədbirdə universitet şəhərciyinin yaşıllıq zolaqlarının qorunması, abadlaşdırılması və estetik görünüşünün təmin olunmasında uzun illər vicdanla çalışan bağban Həsənqulu Həsənquliyevin əməyi yüksək qiymətləndirilib. 
   ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən Həsənqulu Həsənquliyevə universitetdə uzun illər ərzində göstərdiyi fədakar fəaliyyəti, yüksək məsuliyyəti və nümunəvi əməyinə görə təşəkkür elan edilib. “Təşəkkürnamə”ni tədbir zamanı universitetin İnzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov təqdim edib. 
   Universitet ərazisinin yaşıllaşdırılması, ağac və dekorativ bitkilərə qulluq göstərilməsi, təmiz, təhlükəsiz və estetik kampus mühitinin qorunması istiqamətində görülən işlər tələbə və əməkdaşlar üçün daha sağlam təhsil mühitinin formalaşmasına mühüm töhfə verir. Bu baxımdan, Həsənqulu Həsənquliyevin uzunillik fəaliyyəti yalnız peşə borcunun məsuliyyətlə yerinə yetirilməsi deyil, həm də universitetin ekoloji dəyərlərinin yaşadılmasına verilən əhəmiyyətli töhfə kimi qiymətləndirilir. 
   Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə də səsləşir. Universitetdə yaşıl kampus mühitinin qorunması və inkişaf etdirilməsi DİM 3 – Sağlam həyat və rifah məqsədinə uyğun olaraq sağlam təhsil mühitinin yaradılmasını dəstəkləyir, DİM 11 – Dayanıqlı şəhərlər və icmalar çərçivəsində dayanıqlı və ekoloji cəhətdən əlverişli ictimai məkanların inkişafına xidmət edir, DİM 15 – Quruda həyat məqsədi baxımından isə yaşıllıqların və biomüxtəlifliyin qorunmasına töhfə verir. 
   Eyni zamanda, əməkdaşın uzunillik xidmətinin ictimai şəkildə qiymətləndirilməsi DİM 8 – Layiqli əmək və iqtisadi artım məqsədinin əsas prinsiplərinə uyğun olaraq layiqli əməyin təşviqinə, insan kapitalının dəyərləndirilməsinə və motivasiyaedici iş mühitinin möhkəmləndirilməsinə xidmət edir. 
   ATU-da əməkdaşların əməyinə verilən yüksək dəyər, ekoloji məsuliyyətin təşviqi və dayanıqlı inkişaf prinsiplərinin gündəlik fəaliyyətə inteqrasiyası universitetin sosial məsuliyyətə əsaslanan idarəetmə yanaşmasının ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Həsənqulu Həsənquliyevin əməyinin qiymətləndirilməsi isə bu dəyərlərin praktik müstəvidə tətbiqinin növbəti nümunəsidir.
 

Paylaş

Dostlarınız ilə paylaşın.