ATU-nun Bioüzvü və biofiziki kimya kafedrasında praktikaya önəm verilir

Azərbaycan Tibb Universitetinin Bioüzvi və biofiziki kimya kafedrasında 2 fənn tədris olunur. Cəmi 2 fənn olmasına baxmayaraq, universitetin əczaçılıq fakültəsindən başqa bioüzvü kimya və biofiziki kimya dərsləri keçilir.

 

ATU-nun Bioüzvi və biofiziki kimya kafedrasındakı yeniliklər haqqında məlumat verən assistent Natiq Bayramov deyir ki, tələbələr tədris ilinin sonunda bioüzvü kimya və biofiziki kimya fənnindən imtahan verirlər: “Ümumilikdə dərs saatımız 90 saat təşkil edir. Bunun 30 saatı mühazirə, 60 saatı isə praktik məşğələlərə ayrılıb. Məşğələlərin yarısı biofiziki kimyaya, yerdə qalanı bioüzvi kimyaya həsr olunur”.

 

N.Bayramovun sözlərinə görə, Bioüzvi və biofiziki kimya kafedrasında dərslər müasir standartlara uyğun formada aparılır. Müəllimləri yalnız mühazirə söyləməklə kifayətlənmir. Praktik məşğələlərə, laboratoriyadakı işlərə də xüsusi diqqət ayrılır. Çünki həkim olmaq istəyən gənclərin gələcəkdə mütəxəssis kimi formalaşması üçün onların bioüzvü və biofiziki kimyanı hansı dərəcədə mənimsəməsinin böyük əhəmiyyəti var. Praktik məşğələlər zamanı karbon qazının ayrılması, hidrogenin təyini, amonyakın təyini, yod vasitəsilə analiz və s. kimi təcrübələri tələbələr əyani şəkildə görürlər. Müəllimin izahatından sonra hər bir təcrübə laborant tərəfindən tələbələrə nümaiş etdirilir.

 

N.Bayramovun sözlərinə görə, Bioüzvü və birofiziki kimya kafedrasında dərslərdə tələbələrin qrup işlərinə də böyük önəm verilir. Bu zaman da gənclərin laboratoriyada işləmək bacarığı aşılanır. Ümumilikdə, kafedranın nəzdində 8 laboratoriya otağı fəaliyyət göstərir.