“Dişlərdə qanaxma özbaşına yarana bilməz”

Hazırda informasiya əsri olmasına baxmayaraq, hələ də insanlar sadə gigiyena qaydalarına düzgün riayət etmirlər. Bunlardan biri də dişlərə qulluqla bağlıdır. Stomatoloq, ATU-nun assistenti Narin Babayeva deyir ki, diş xəstəliklərinin daha çox rast gəlinən patologiyaları ağız boşluğunun gigiyenası ilə bağlıdır.

 

“Əfsuslar olsun ki, pasiyentlərin əksəriyyəti dişlərini düzgün təmizləmir. Nəticədə ağızda diş daşları və diş ərpi yaranır. Digər tərəfdən, dişlərə düzgün qulluq olunmadığından, müxtəlif xəstəliklər, diş ətinin iltihabı ilə bağlı problemlər yaranır. Bunlar arasında gingevit, paradantoz, periodontitin adlarının çəkmək olar. Vaxtında müdaxilə olunmasa, bu xəstəliklər xroniki formaya keçərək ömür boyu davam edə bilər”.

 

N.Babayevanın sözlərinə görə, diş ərpi xüsusi aparatlar “Skeyler Air Flow” vasitsəilə polişenk materiallar vasitəsilə cilalanıb təmizlənir. Prosedur zamanı pasiyentlərə dişlərin düzgün təmizlənməsi qaydaları da öyrədilir. Xəstə prosedurdan altı ay sonra yenidən dəvət olunur. Müayinə zamanı problemin qaldığı müəyyən olunursa, yenidən xəstəyə müalicə yazılır.

 

Narin Babayeva xəstələrdə tez-tez qanaxmalar yaranmasını da diş daşları və diş ərpi ilə əlaqələndirir. Əgər bu hallar yoxdursa, onda qanaxma düzgün qoyulmamış plomb və ya qapaqla bağlıdır. Çünki qanaxmalar özbaşına yaranmır, yalnız xroniki sistem xəstəlik zamanı meydana çıxır.

 

Stomatoloq bildirir ki, diş əti ilə bağlı problemlərə adətən 25-50 yaş arasında xəstələrdə daha çox rast gəlinir. Çünki gənc yaşlarında adətən insanlar dişlərinə də yaxşı qulluq edirlər. Amma orta yaşlarda insanlar ailə qurur, qayğıları artır, işləyirlər, vaxt qıtlığı yaranır və onlar səhhətlərinə vaxt ayırmırlar. Bu zaman elementar gigiyena qaydaları da unudulur.

 

Odur ki, valideynlər övladlarına kiçik yaşlardan dişlərinə qulluq vərdişlərini aşılamalıdır. N.Babayeva məsləhət görür ki, ilk dəfə uşağa diş fırçası aldıqda iki ədəd eyni fırça alınsın. Bunlardan biri uşağın oyuncaqlarının arasında saxlanılsın və daim oyunlarda istifadə olunsun. belə olduqda, uşaq dişlərini təmizləməyə həmişə oyun kimi yanaşacaq və şıltaqlıq etməyəcək, bu prosedurdan çəkinib qorxmayacaq. Bəzən valideynlər uşaqlara yaşına uyğun olmayan sərt diş fırçası alırlar. Buna görə dişin mina qatı məhv olur.

 

ATU-nun assistenti N.Babayeva diş əti ilə bağlı xəstəliklərin önlənməsi üçün zəruri profilaktik tədbirlərin görülməsini tövsiyə edir. Hər bir insan altı aydan bir, heç olmasa ildə bir dəfə stomatoloq müayinəsindən keçməli və nəyə diqqət yetirməyin lazım olduğunu bilməlidirlər.