Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvinninq layihəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə layihə çərçivəsində əməkdaşlıq məsələləri, ATU tələbə və rezidentlərinin faydalana biləcəyi kursların təşkili ilə bağlı müzakirələr aparılıb.
Tvinninq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas layihə çərçivəsində görülən və planlaşdırılan işlərdən danışıb. O, ATU ilə əməkdaşlıq üçün müxtəlif istiqamətlərdə imkanların olduğunu vurğulayıb. Bunlardan biri də tibbi sığorta, xəstəxanaların sığorta şirkətləri ilə müqaviləsi, bu sistemdə informasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələləri əhatə edən kursların təşkili ilə bağlıdır: “Təşkil etdiyimiz kurslar əsasən İcbari tibbi Sığorta üzrə dövlət Agentliyinin əməkdaşları üçün nəzərdə tutulub. Amma çox istərdik ki, bu təlimlərə Azərbaycan Tibb Universitetinin müəllimləri və tələbə rezidentlərini də cəlb edək”.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli əməkdaşlığa dair təklifə görə minnətdarlığın bildirib: “Bizi bu əhəmiyyətli layihədə tərəfdaş kimi gördüyünüz üçün çox təşəkkür edirəm. Biz layihə əməkdaşlıq sahələrini müzakirə edə bilərik. Hazırda bizim həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq planlarımız var. İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək məqsədilə icra olunan bu layihənin də imkanlarından yararlana bilərik”.
Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov iştirak ediblər. Müzakirələr zamanı Tvinninq layihəsi çərçivəsində ATU-nun yuxarı kurs tələbələri və rezidentlər üçün yeni ixtisas seçiminə yardım məqsədilə kursların təşkili ilə bağlı fikir müsbət qarşılanıb. Bu layihənin həmçinin, ATU-da elmi tədqiqatla məşğul olan gənc həkimlər üçün də yaxşı imkanlar açdığı vurğulanıb.