700-ə yaxın iştirakçısı olan toplantıda 160 elmi işə baxılacaq
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) V Beynəlxalq Tibb Konqresi öz işinə başlayıb. Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə daha sonra ATU-nun himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında təbabətin müxtəlif bölmələri üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli toplantıların təşkil olunduğunu bildirdi: “Beşinci dəfədir keçirilən konqresdə Türkiyə və Rusiyanın müxtəlif universitetlərindən, Almaniya, İran, Özbəkistan, Pakistan və İraqdan olan həkimlər, gənc alim və tələbələr iştirak edirlər. Ümumilikdə 650 iştirakçı V Beynəlxalq Tibb Konqresi üçün rəsmi qeydiyyatdan keçib. Bu da bir daha onu sübut edir ki, dünya tibb mütəxəssisləri səhiyyənin qarşısında duran bir çox problemlərin həlli yolları, müxtəlif xəstəliklərin müalicəsi üsullarını tapmaq üçün birgə səy göstərməlidirlər”.
Rektor G. Gəraybəyli elmin hüdudlarını üfüqi xəttə bənzətdiyini dedi: “Biz elmə nə qədər yaxınlaşırıqsa, o da bizdən bir o qədər uzaqlaşır. İnanıram ki, zaman gələcək, elmin gücü ilə alimlər, xüsusilə də həkimlərimiz bu təzadı aradan qaldıracaqlar. Ümid edirəm ki, həmin alimlər arasında bu konqres iştirakçıları da olacaq”. Professor Gəray Gəraybəyli tədbir iştirakçılarına konqresin təşkilat komitəsi adından uğurlar dilədi.
Daha sonra Türk Endoskopik-Laporaskopik cərrahiyyə dərnəyinin (ELCD) rəhbəri, professor dr. Cavit Avcı çıxış etdi. O bildirdi ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə dünya olkələrini qısqandıracaq dərəcədə sıx əlaqələr mövcuddur: “Bunlardan ən əsası da tibb və təhsil sahələridir. Şadıq ki, artıq ikinci dəfədir ki, belə mötəbər konqres çərçivəsində kurs təşkil edirik. Bu kursun tibbin inkişafı baxımından böyük əhəmiyyəti var. Çünki cərrahi əməliyyatlarda artıq hər gün yeni metodlar ixtira edilir. Biz bununla ayaqlaşmalı, bunu yeni nəslə ötürməliyik”.
Daşkənd Tibb Universitetinin doktor Sardorxoca Sızdıkxocayev çıxış edərək, konqresin işinə uğurlar dilədi. O, rektor Gəray Gəraybəyliyə təmsil etdiyi ali təhsil ocağının simvolu olan kostyumu və hədiyyələr təqdim etdi.
Qeyd edək ki, hər il olduğu kimi bu il də konqres çərçivəsində Türkiyə Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Dərnəyinin təşkilati dəstəyilə kolorektal cərrahiyyə kursu keçirilib. Bundan əvvəl də ATU-da İstanbul Universiteti Davamlı Tibbi Təhsil və Araşdırma Mərkəzi ilə bir neçə onlayn müştərək konfranslar və kurslar təşkil edilib.
İki gün davam edəcək toplantıda 160 elmi işə baxılacaq. Konqresin işində 43 çıxış, 59 poster təqdim olunub. V Beynəlxalq Tibb Konqresi işini sabah yekunlaşdıracaq.