Dekabrın 14- də Azərbaycan Tibb Universitetində imtahan nəzarətçiləri ilə görüş keçirilib. Görüşdə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev artıq imtahan öncəsi belə toplantıların keçirilməsinin bir ənənə halını aldığını bildirib.
O, son illərdə testlərə açıq sualların salınması ilə tələbələrin əzbərçilikdən uzaqlaşaraq daha çox kitab oxumasını müsbət hal kimi qiymətləndirib. Bu baxımdan bütün zamanlarda tədris prosesinin əsas göstəricisi hesab olunan imtahanın qaydalara uyğun şəkildə və tam şəffaf şəraitdə keçirilməsi üçün nəzarətçilərin də üzərinə ciddi məsuliyyət düşdüyünü deyib. İmtahan cədvəllərinin tərtibi, testlərin hazırlanması və ümumilikdə prosesə nəzarətlə bağlı tövsiyələrini verən prorektor namizədlikləri kafedra müdirləri tərəfindən irəli sürülən nəzarətçilərin imtahan dönəmində fəallıq göstərəcəklərinə, işlərini dəqiq yerinə yetirəcəklərinə əminliyini vurğulayıb.
ATU-nun İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov isə çıxışında əsasən imtahan prosesində nəzarətçilərin diqqət göstərməli olduğu məqamlara toxunub. Eyni fəndən imtahan verən tələbələrin yanaşı oturmasına icazə verilməməsinin, zalda tam səssizliyə riayət olunmasının, tələbəyə yanlış informasiya ötürülməməsinin vacibliyini diqqətə çatdırıb. Prosesə subyektiv müdaxilənin mümkünsüzlüyünü deyən Ş.Bayramov imtahan üçün texniki bazanın tamamilə hazır vəziyyətdə olduğunu da qeyd edib.
Görüşdə imtahan sessiyasına nəzarətçi qismində qatılacaq şəxslərin sualları cvablandırılıb. Eyni zamanda dekanların, dekan müavinlərinin nəzarət prosesində hansı formada iştirak edəcəklərinə aydınlıq gətirilib.