Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi 20 Ynvar hadisələrinin ildönümü ilə əlaqədar bəyanat paylaşıb. Bəyanatda qeyd olunur ki, bu hadisələrdən 29 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğın heç bir zaman unudulmayacaq.
“Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz haqqını tələb edirdi. Azərbaycan xalqının qəhrəman oğul və qızları bir nəfər kimi öz etiraz səsini qaldıraraq dinc vasitələrlə hüquqlarının qorunmasını istəyirdilər. Ancaq Sovet rəhbərliyinin bir başa göstərişi ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi”.
Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin sədri Zoheir Mirzajani bəyanatda müqəddəs Quran kitabında yer alan fikirlərə istinad edir. Quranda buyurulur ki, “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz.” Mirzəjani qeyd edir ki, şəhidlik ölümlərin ən şərəflisidir. Və bu baxımdan İran Prezidenti möhtərəm Həsən Ruhaninin “Fədakarlıq dərsini şəhidlər və əlillər, habelə onların ailələrindən öyrənmək lazımdır” kəlamı da böyük əhəmiyyət kəsb edir.
Bəyanatda qeyd edilir i, artıq 29 ildir ki, bütün dünya, o cümlədən İran xalqı qanlı 20 Yanvar faciəsini Azərbaycan xalqının Ümumxalq hüzn günü kimi qeyd edir: «Biz bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən konfranslar, sərgilər təşkil etməklə Azərbaycana həmdərd olduğumuzu nümayiş etdiririk. Biz, iranlı tələbələrin Azərbaycandakı təmsilçiləri kimi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri pisləyirik”.