ATU Tələbə Gənclər Təşkilatı Qanlı 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıb

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatı (TGT) xüsusi əhəmiyyətli dövlət, səhiyyə, tarixi günlərlə bağlı videoçarxlar hazırlayır. Bu silsilədən olan növbəti videoçarx Azərbaycanın qan yaddaşı və eyni zamanda qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlıdır. Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarxda 1990-cı ildə Azərbaycan Tibb Universitetində təhsil alan və qanlı gecədə qəhrəmancasına şəhid olan tələbələrin simasında həmin gün baş verən hadisələr işıqlandırılıb.

 

Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyevin sözlərinə görə, videoçarxda ATU-nun rektorunun müşaviri, professor, 20 Yanvar hadisələrinin canlı iştirakçısı Mübariz Allahverdiyev, Mərkəzi Klinik Xəstəxananın həkim-rezidenti Tural Əzizov, ATU TGT-nin sədri Rauf Vəliyev, tələbələr Həmid Həsənov, Azad Kərimbəyli, İsmayıl Nəzərli, Raul Rəsulzadə və Simarə Qurbanova rol alıblar. O qeyd edib ki, videoçarxın hazırlanmasında məqsəd günümüzdə cəmiyyətin ən aktiv və aparıcı təbəqələrindən olan gənclərimizə tariximizi aşılamaq, xalqımızın o gecə yaşadığı çətinlikləri çatdırmaqdır: “Videoçarxın ərsəyə gəlməsində göstərdikləri dəstək üçün ATU rektoru, professor Gəray Gəraybəyliyə, 1 saylı Kliniki Tibbi Mərkəz rəhbərliyinə və videoçəkiliş, montaj üçün “PhotoJalal”a (Cəlal Məmmədov) dərin təşəkkürlərimizi bildiririk. Təşkilatımız bundan sonra da günümüzün aktual məsələlərini diqqətlə saxlamaqla yeni layihələr üzərində işləməyi planlaşdırır”.