“Tibbi Mikrobiologiya, İmmnologiya və Klinik Mikrobiologiya” dərsliyi nəşr olunub

Bu günlərdə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Zakir Qarayev və kafedranın dosenti Ramin Bayramlının “Tibbi Mikrobiologiya, İmmnologiya və Klinik Mikrobiologiya” adlı dərsliyi çapdan çıxıb.

 

Dərslikdə müxtəlif patogen mikroorqanizmlərin (bakteriyaların, virusların, göbələklərin, ibtidailərin və helmintlərin) xüsusiyyətləri, onların törətdiyi xəstəliklərin əsas klinik əlamətləri, müasir mikrobioloji, immunoloji, molekulyar-genetik diaqnostika prinsipləri, həmçinin klinik mikrobiologiya və sanitar mikrobiologiya sahələrinin mühüm müddəaları şərh edilib.

 

Kitabın ön sözündə müəlliflər qeyd edir ki, son illər ölkəmizdə səhiyyənin bütün sahələrində olduğu kimi, Tibbi mikrobiologiya və immunologiya, eləcə də klinik mikrobiologiya sahəsində də ciddi islahatlar aparılır. Azərbaycan Respublikasında İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə birlikdə ölkənin bütün xəstəxanalarında müasir tipli Klinik Mikrobioloji Laboratoriyaların yaradılması zərurəti meydana çıxmışdır. Kitabın birinci nəşrindən keçən dövr ərzində artıq rezidentura təhsilini tamamlayaraq mikrobiologiya ixtisasına yiyələnmiş, ölkənin müxtəlif xəstəxanalarında çalışan onlarla mütəxəssis vardır. Ancaq bu hələ də ehtiyacın çox kiçik bir hissəsidir. Bir sözlə, müasir təbabətlə ayaqlaşa bilən mütəxəssis hazırlığı ölkəmizin səhiyyəsi üçün prioritet məsələdir. Oxuculara təqdim edilən bu kitabın da əsas hədəfi yaranmış ehtiyacı ən müasir səviyyədə təmin etməkdir.

 

Dərslik Tibb Universitetinin tələbələri üçün müvafiq fənnin proqramına uyğun yazılmışdır, ondan rezidenturada təhsil alanlar və praktik həkimlər də istifadə edə bilərlər. 

 

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elmi-metodiki şurasının və Səhiyyə Nazirliyi Kollegiyasının qərarı əsasında nəşr olunub.