Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Ədalət Gəncəliyev və Hərbi Tibb fakültəsinin IV kurs tələbəsi Varis Əsgərli Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Budapeştin Semmelveis Universitetinin Tələbə Elmi Cəmiyyəti Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq konfransda ATU tələbələri Azərbaycanı layiqincə təmsil ediblər. Tələbələrin cərrahi xəstəliklər fənni üzrə professor Fariz Camalovun elmi rəhbərliyi altında təqdim etdikləri “Ezofaqeal divertikula” mövzusundakı elmi iş Semmelveis Universitetinin elmi heyəti arasında xeyli maraq doğurub.
Onlar çox nadir görülən patoloji defektin cərrahi üsulla aradan qaldırılması haqqında mövzuda geniş çıxış ediblər. Mövzu ətrafında rəyçilərin müxtəlif suallarını cavablandırıblar. Konfrans çərçivəsində Almaniya, Macarıstan, Rusiya, Ukrayna və digər ölkələrdən dəvət olunmuş professorlar tələbələrə mühazirələr oxuyublar, geniş diskussiya aparılıb. Həmçinin tələbələrə laparoskopik bacarıqlar əsasında təlim keçirilib. Təlimin sonunda baş tutan yarışmada ATU tələbələri yenə də yüksək məharət göstərərək, fərqli ölkələrdən beynəlxalq tələbələr arasında 3-cü yerə çıxıblar.
Konfransın bağlanış mərasimində ATU tələbələri Semmelveis Universitetinin rəsmi sertifikat və diplomları ilə təltif olunublar.