Rektor Gəray Gəraybəyli imtahan ekspertləri ilə görüşüb

İmtahanlarla bağlı yeniliklər müzakirə olunub

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli imtahan ekspertləri ilə görüşüb. Rektor ATU-nun imtahan prosesində aparılan islahatlar, yeniliklər və diqqət göstərilməli məqamlardan söz açıb.

 

Rektor G.Gəraybəyli qeyd edib ki, tədris-təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi universitet rəhbərliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Bu bazımdan qiymətləndirmə prosesinin daha ədalətli və şəffaf aparılması önəmli məsələdir: “Artıq neçə ildir ki, məhz qiymətləndirmə prosesinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bir neçə il bundan öncə ənənəvi imtahandan test imtahanına keçidi təmin etdik. Kimisi bu sistemi bəyənir, kimisi isə qəbul etmək istəmir. Lakin biz ümumi dünya standartlarına uyğun işimizi qurmağa çalışırıq”.

 

Görüşdə ATU-nun innovasiya şöbəsinin müdiri professor Akif Qurbanov, ATU-nun elmi və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, ATU-nun İmtahan Mərkəzinin müdiri Şahin Bayramov, ATU-nun apelyasiya komissiyasının sədri, professor Surxay Musayev çıxış ediblər, imtahan prosesində ekspertlərin diqqət yetirməli məqamlardan danışıblar, fikirlərini bildiriblər.

 

Görüşdə həmçinin imtahan testlərinin tərtibatı haqqında da geniş danışılıb. Prosesə xüsusi testoloqların cəlb olunacağı vurğulanıb.