Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında AMEA-nın Biologiya və Tibb bölməsi ilə birlikdə Elm Gününə həsr olunmuş elmi seminar keçirilib. Konfransda Azərbaycanla yanaşı, Rusiya və Belarusdan mütəxəssislər iştirak ediblər.
Seminardan öncə xarici qonaqlar ATU-nun Onkologiya Klinikasının direktoru, Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovla görüşüblər. Görüş zamanı akademik Ə.Əmiraslanov ATU-nun Onkoloji Klinikasının fəaliyyəti, görülən işlər barədə qonaqlara məlumat verib. Klinikada kimya terapiyası, qida borusu və sümük onkologiyası sahəsində aparıcı müəxəssislərin çalışdığını, müxtəlif mürəkkəb əməliyyatların icra olunduğunu bildirib.
AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova qeyd edib ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, ölkəmizdə hər il martın 27-si Elm Günü kimi qeyd olunur. Azərbaycanın elmi ictimaiyyəti üçün əlamətdar hadisə olan bu tarix münasibətilə AMEA-nın institutlarında, təhsil ocaqlarında müxtəlif formatlı tədbirlər keçirilir. Onkoloji Klinikda təşkil olunan elmi seminar müasir biotibbin aktual məsələlərinə həsr olunub.
Rusiyanın D.O.Ott adına Mamalıq, Ginekologya və Reproduktologiya Elmi Tədqiqat İnstitutunun Patomorfologiya şöbəsinin rəhbəri, professor İqor Kvetnoy dəvət üçün təşəkkür edərək təmsil etdiyi qurum, burada aparılan elmi tədqiqatlar barəsində məlumat verib. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, İqor Moyiseyeviç Kvetnoy Molekulyar tibb və neyroimmunoendokrinologiya sahəsində tanınmış mütəxəssis, tibb elmləri doktoru, melatoninin ekstrapineal sintezi kəşfinin müəllifidir. Rusiya Federasiyasının əməkdar elm xadimidir. Elm və texnika sahəsində RF hökuməti mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasının V.X.Vasilenko adına mükafatın laureatı, Böyük Britaniya Kral Cəmiyyətinin Pirs mükafatı laureatıdır.
“Qocalmanın neyroimmunoendokrin mexanizmləri. Bukkal epiteli və yaşla bağlı xəstəliklərin fərdiləşdirilmiş diaqnostikası və target terapiyasının optimallaşdırılması” mövzusunda elmi seminarda yaşla bağlı xəstəliklər, bu xəstəliklərin yeni müalicə üsulları barədə müzakirələr aparılıb. Tədbirdə Belarusun Fiziologiya İnstitutunda onkoloji problemlərlə məşğul olan mütəxəssislərin mühazirələri də dinlənilib.