Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssislərinin beynəlxalq miqyasda uğurları artmaqdadır. Bu günlərdə ATU-nun təmsilçisi növbəti uğura imza atıb. Belə ki, universitetin İnsan anatomiyası və terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinski nüfuzlu beynəlxalq elmi jurnalın baş redaktorunun müavini təyin edilib.
“Neurology and Neuroscience Reports” adlı jurnal nevrologiya və neyroelmlər sahəsində elmi araşdırmalar, yeniliklərin təqdim olunduğu beynəlxalq resenziyalı jurnaldır. Bu nəşr qeyd olunan sahələr üzrə bütün dünyadan olan müəlliflərin məqalələrinin operativ çapını təşkil etmək üçün orijinal bir platformadır.
Jurnalda dərc olunan məqalələrdə nevrologiya və neyroelmlərlə bağlı bütün yeniliklər, aktual mövzular, praktiki kliniki nəticələr yer alır. Jurnalda yer alan hesabatlar çərçivəsində həm əlyazmalar, həm tədqiqat işləri, eyni zamanda qısa məlumatlar, kitablara yazılmış rəylər və redaksiyaya göndərilmiş məktublar dərc olunur. Bu hesabatlar elmi tədqiqatçılarla yanaşı, gənc nevroloqlar və tələbələr üçün də böyük əhəmiyyət kəsb edir. Peşəkarlar burada neyrofiziologiya, degenerativ nevrologiya, cərrahi reabilitasiya və tibbin bu sahəsinə aid digər müasir metodlar haqqında maraqlı rəylər, elmi işlərlə tanış ola bilirlər.
Redaktor heyətində azərbaycanlı professor Vaqif Şadlinskinin adının da yer alması Azərbaycan elminin dünyada artan nüfuzunun növbəti göstəricisidir. Azərbaycan Tibb Universitetində çalışan yüksək ixtisaslı peşəkarların adlarının dünya miqyaslı alimlərlə birgə çəkilməsi bir daha bu ali məktəbin beynəlxalq uğurlarının artdığını nümayiş etdirir.