Aprelin 4-də Tədris Terapevtik Klinikasında ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti Adil Nuriyev V kurs tələbələri üçün “Oynaq sindromunun differensial diaqnostikası” mövzusunda geniş mühazirə oxuyub.
O, daha çox rast gəlinən revmatoid artrid, deformasiyaedici osteoartroz, reyter sindromu, ostroxondroz, podaqra kimi xəstəliklər haqqında ətraflı məlumat verib. Bu tip 200-ə yaxın xəstəliyin olduğunu, bəzi dərmanların, o cümlədən vərəm əleyhinə olan dərmanların da oynaqlarda dəyişikliyə gətirib çıxardığını deyib.
Əsasən oynaqların zədələnməsi ilə gedən birləşdirici toxumanın xronik autoimmun sistem iltihabi xəstəliyi olan revmatoid artritin etiologiyasından, risk faktorlarından danışan dosent A.Nuriyev adıçəkilən xəstəliyin təsnifatını və klinikasını da diqqətə çatdırıb. Qeyd edib ki, tipik halda oynağın 2 tərəfli zədələnməsi müşahidə olunur: “İlk növbədə əl və ayaq darağı oynaqları, bilək, diz, dirsək oynaqları zədələnir. Artralgiya, şişginlik, hərəkətin səhər buxovlanması əlamətləri nəzərə çarpır. Sinovial qişanın hipertrofiyası və eksudatın toplanması sayəsində oynaqlar şişir və iyəbənzər forma alır. Palpasiya zamanı oynaqların xəmir konsistensiyalı, ağrılı olması, lokal temperaturun yüksəlməsi aşkarlanır”.
Revmatoid artrit zamanı müşahidə olunan deformasiyalara da toxunan mütəxəssis xəstəliyin qeyri oynaq təzahürlərindən, aktivlik dərəcələrindən, dayaq-hərəkət sisteminin funksional pozulmalarından da söhbət açıb.
Mühazirədə oynaqların xronik degenerativ xəstəliyi olan, əsasını oynaq qığırdağının degenerasiyası, sümük oynaq səthinin dəyişiklikləri, osteofitlərin inkişafı, oynaqların deformasiyası, mülayim təzahürlü sinovitin inkişafı təşkil edən deformasiyaedici osteoartrozun patogenezi, klinikasının əsas və ümumi əlamətləri də öz əksini tapıb. Bildirilib ki, tez-tez rast gəlinən ağır forması koksartozdur, bu, adətən oynağın funksiyasının pozulmasına və əlilliyə gətirib çıxarır.
Podaqra xəstəliyinin digər oynaq xəstəlikləri ilə oxşar və fərqlı cəhətlərinə də aydınlıq gətirən mütəxəssis qeyd edib ki, podaqra purin mubadiləsinin pozulması və orqanizmdə sidik turşusunun toplanması ilə müşayət olunan metabolik xəstəlikdir: “Ən çox 50 yaşdan yuxarı kişilərdə rast gəlinir. Anamnezində bir dəfədən artıq kəskin artrit epizodu qeyd olunmalıdır. Əsasən monoartritin inkişaf etməsi və ayaqda 1ci daraq-falanqa oynağının zədələnməsi, zədələnmiş oynaq üzərində dərinin hiperemiyası və assimmetrik şişkinliyin yaranması, kəskin artrit epizodu, gecə oynaq ağrısının başlaması, bir neçə gün davam etməsi, yerli hərarətin, qanda leykositozun və EÇS-in qalxması ilə xarakterizə olunur”.
Rəngli şəkillər və slaydlarla müşayət olunan mühazirəni tələbələr böyük maraqla dinləyiblər. Mühazirənin sonunda dosent A.Nuriyev tələbələrin haqqında bəhs edilən xəstəliklərin müayinə və müalicə üsullarına aid suallarını cavablandırıb.