Azərbaycan Tibb Universitetinin qonağı olan İstanbul Universiteti- Cerrahpaşanın rektoru professor Aydın Nuri bu gün universitetin rezident, dissertant və doktorantları ilə görüşüb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən görüşdə rektor Aydın Nuri elmi işlərin yazılması, elmi işlərin hazırlanma qaydaları haqqında mühazirə oxuyub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Professor Aydın Nuri həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə görüşüb. Həmçinin, klinikanın bölmələrini gəzib, burada tələbələr və xəstələr üçün yaradılan şəraitlə tanış olub. Klinikanın direktoru professor Surxay Hadıyev Cerrahpaşa Universitetinin nümayəndələrinə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Tədris Cərrahiyyə Klinikasında diaqnostik və cərrahi istiqamətdə 20 şöbə və 18 kafedra fəaliyyət göstərir. İl ərzində burada 2800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisas fənləri üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olur.
Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Qorxmaz Əhmədov da iştirak ediblər.