Böyük Elmi Şurada

Aprelin 30-da Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclasa sədrlik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə Əczaçılıq kimyası və idarəçiliyi kafedrasının müdri, professor Məhbubə Vəliyevanın bu günlərdə 70 yaşının tamam olduğunu bildirib və  ona  Səhiyyə Nazirliyinin, eləcə də Azərbaycan Tibb Universitetinin “Fəxri Fərman”larını təqdim edib. Səhiyyə naziri cənab Oqtay Şirəliyevin  təbrikini ybiliyara çatdıran  rektor oz növbəsində M. Vəliyevanı öz adından və Böyük Elmi Şuranın üzvləri adından təbrik edib, ona gələcək həyatında və elmi- pedaqoji fəaliyyətində yeni- yeni uğurlar diləyib.

 

Bundan sonra  İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayevin  “ATU-nun İctimai səhiyyə  fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması işində kollektiv qarşısında duran vəzifələr” i barədə məruzəsi dinlənilib.

 

Fakültə haqqında geniş məlumat verən məruzəçi bildirib ki, İctimai səhiyyə fakültəsi tibbi profilaktika ixtisası üzrə ölkədə profilaktik xidmətə - sanitar epidemioloji nəzarət sistemi üçün kadrlar hazırlamaqla məşğuldur. Fakültə məzunları  əhali arasında infeksion və qeyri infeksion xəstəliklərin yayılmasının yaranma səbəblərini və mexanizmlərinin qanuna uyğunluqlarını öyrənməklə, ətraf mühitdə olan risk zonalarını aşkar edərək, elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlər sistemini işləyib hazırlamaqla, insanların sağlamlığının qorunmasını, əmək qabiliyətini və həyat keyfiyyətinin yüksəldilməsini təmin edir.

 

Kredit sistemi çərçivəsində formalaşmış ali təhsilin ikinci mərhələsi olan rezidentura pilləsi həkim-gigiyenist, epidemioloq, infeksionist, mikrobioloq, laborant, sosial-gigiyena və səhiyyənin təşkili kimi ixtisaslara yiyələnmək imkanını yarandığını deyən məruzəçi dedi ki,  İctimai səhiyyə fakültəsində  10 kafedra və Elmi-Tədqiqat  Mərkəzi fəaliyyət göstərir: “Fakültənin tərkibində olan kafedralarda və Elmi Tədqiqat Mərkəzində 25 nəfər professor, 3 nəfər məsləhətçi professor, 91 nəfər dosent, 94 nəfər baş müəllim, assistent, müəllim olmaqla, ümumilikdə, 213 nəfər professor-müəllim heyəti və 120 nəfər yardımçı personal çalışır. Hal-hazırda fakültədə 6 kursda ümumilikdə 420 tələbə təhsil alır.  Bu tələbələrdən 89.3% (375-i) Azərbaycan, 10.7% isə (45-i) rus bölməsindədir. Tələbələrin 71,4%-i dövlət, 28,6% -i  ödənişli əsaslarla təhsil alırlar. 600 və 600-dən çox bal toplayıb fakültəyə qəbul olan tələbələrin sayı 167 nəfərdir ki, bu da fakültədə oxuyan tələbələrin 40%-ni təşkil edir”.

 

Dekanlığın işinin əsasını təşkil edən tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışan dekan fakültədə tədrisin keyfiyyətini və səmərəsini yüksəltmək məqsədilə dekanlıqda tədris prosesinin təşkili və onun təkmilləşdirilməsi, tədris-metodik işlərin səviyyəsinin yüksəldilməsi, elmi-tədqiqat  və tələbə elmi cəmiyyətinin  və təlim-tərbiyə işinin  həyata keçirildiyini dedi.

 

Sözünə davam edən məruzəçi qeyd etdi ki, tədris prosesi ilə əlaqədar fakültə əməkdaşları tədris planının yerinə yetirilməsini dərs ilinin ilk günlərindən nəzarətə götürərək, tədris prosesinin düzgün təşkil edilməsinə, onun səmərəsinin artırılmasına çalışmışdır.

 

Kollektivin üzərinə düşən məsuliyyəti önə çəkən məruzəçi qeyd etdi ki, tədris prosesi müntəzəm olaraq kafedra iclaslarında təhlil olunmaqla geniş müzakirə edilərək onun təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, pedaqoji ustalığı artırmaq və tədris prosesinin effektivliyini yüksəltmək məqsədilə müəllimlərin dərslərdə qarşılıqlı dinləmə və kafedra müdirlərinin dərslərdə iştirakı təmin edilmişdir.

 

Tədris ili ərzində dərsə davamiyyətin yaxşılaşdırılması, xüsusən üzürsüz səbəbdən dərs buraxmanın kəskin azldılmasının kollektiv qarşısında duran ən vacib məsələlərdən biri olduğunu söyləyən A. Ağayev tədris ilinin  imtahan sessiyasının nəticələri barədə də məlumat verdi: “Bu istiqamətdə universitet tərəfindən 2018/2019-cu tədris ilində davamiyyət kriteriyalarının dəyişərək qayıb limitinin 20%-ə salınması və əlavə olaraq mühazirələrdə iştirak etmə limitinin 40%-ə qədər təyin edilməsi çox vacib addımdır. Nəticə olaraq, xüsusilə, yuxarı kurslarda  davamiyyət göstəricilərində müsbətə doğru xeyli dəyişikliklər qeyd edilmişdir. 

 

Hesabat dövründə universitetdə və o cümlədən fakültədə aparılan nizam-intizamın gücləndirilməsi işləri nəticəsində sessiya zamanı imtahana müxtəlif səbəblərdən gəlməyən tələbələrin sayı iki dəfədən çox azalmışdır. 2017-ci ildən Dövlət imtahanları universitetimizdə yeni üsulla, yəni  tələbələrin  təcrübi bacarıqlarının obyektiv strukturlaşdırılmış praktik imtahan (OSPİ) üsulu ilə keçirilir. Dövlət imtahanlarına hazırlıqla əlaqədar olaraq, mart ayından başlayaraq müvafiq kafedralarda VI kurs tələbələri ilə treninqlər keçirilir.

 

Məlumdur ki, tədrisin səviyyəsi həm fakültə, həm də ayrı-ayrı fənlər üzrə tələbələrin mənimsəmə və keyfiyyət göstəricilərinə görə qiymətləndirilir.

 

Qış sessiyasının nəticələrinə görə, кeçən il 65,6% olan  keyfiyyət göstəricisi cari ildə fakültə üzrə artaraq 71,4% olmuşdur. Onu da qeyd etmək lazımdır ki, I kurs üzrə axırıncı payız semestrində keyfiyyət göstəricisi 3 dəfə artaraq, 57,4% olmuşdur. Müvafiq göstəricinin artmasını yeni qiymətləndirmə sistemi olan aralıq qiymətləndirmənin tətbiqi ilə əlaqələndirmək olar. Yay imtahan sessiyalarının müqayisəli təhlilinə gəldikdə fakültə üzrə ümumi mənimsəmə göstəricisi nisbətən yüksəlmiş, lakin keyfiyyət göstəricisi aşağı olmuşdur.

 

Keçən tədris ilinin yay sessiyasında keyfiyyət göstəricisi  72%, 2017/18 tədris ilinin yay sessiyasında 67% olmuşdur. Qeyd olunan müvafiq göstəricinin aşağı olmasının səbəbini imtahanlara açıq tipli sualların tətbiqi və həmin sualların sayının 5-dən 10-a qədər artması ilə əlaqələndirmək olar. Beləliklə, imtahanlara açıq tipli sualların tətbiqi tələbələrin biliklərinin qiymətləndirilməsinı  daha real şəkildə göstərməyə imkan verdi.

 

Qeyd etmək lazımdır ki, universitetdə yeni yaranmış və son iki il ərzində uğurla fəaliyyət göstərən vahid Apellyasiya komissiyası imtahan sessiyası zamanı meydana çıxan narazılıq və şikayətləri mütəşəkkil, operativ və obyektiv şəkildə həll etmişdir.”

 

2018-ci ildən etibarən universitetin Elmi Şurasının qərarı ilə  fakültənin İctimai Səhiyyə fakültəsi adlandırıldığını söyləyən natiq dedi ki, Avropa ölkələrində, Türkiyədə, ABŞ-da, hətta MDB-nin bəzi Tibb Universitetlərində də eyni adlı fakültə mövcuddur: “Hazırda 3 yeni ixtisas – bakalavr pilləsi üzrə fizioterapiya və ali təhsilli tibb bacısı, magistratura pilləsi üzrə səhiyyə menecmenti ixtisaslarına aid tədris proqramları təyinatı üzrə nazirliklərə təqdim edilmiş və müsbət rəy alınmışdır. Hər 3 ixtisas üzrə tədris proqramları hazırlanılan zaman universitetimizə ABŞ-dan, Litvadan, Türkiyədən təcrübəli mütəxəssislər dəvət olunmuşdur. Bu dəyişikliklər həm də  ali tibb təhsilinə olan  təlabatla əlaqədar  fakültənin reytinqinin artırılmasına xidmət edir.  Fakültədə aparılan islahatlar əcnəbi tələbələrin müraciətlərində də bu və ya digər ixtisaslar üzrə təhsil almaq istəyini   artırmışdır”.

 

Tələbələrin gələcək həyatında TEC-in mühüm rolunu qeyd edən dekan bildirdi ki, hesabat dövrundə fakültədə TEC xətti ilə 60 tələbə elmi iş üzərində işləmişdi. Son konfransın qalibləri sırasından  27 məruzə diploma, 33 məruzə isə sertifikata layiq görülmüşdür.  Keçən illə müqayisədə 9 kafedranın 6-da TEC-də iştirak edən tələbələrin sayı təqribən 2 dəfəyə qədər artmışdır.

 

Tədris-metodik, elmi, tərbiyəvi işlər haqqında da şura üzvlərinə ətraflı məlumat verən dekan bundan sonra da fakültənin professor-müəllim heyyəti və tədrisə yardımçı əməkdaşların, qarşıdakı  illərdə bütün real və potensial imkanlarını səfərbərliyə alıb daha böyük məsuliyyətlə çalışacağını, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması işinə bilik və bacarığını sərf  edəcəyini bildirdi.

 

Məruzə ətrafında çıxış edən Ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov, Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov, Uşaq yeniyetmələr və əmək gigiyenası kafedrasının müdiri, dosent Şəhla Balayeva və Ftizatriya kafedrasının müdiri, dosent Rafiq Bayramov çıxış edərək bu dekanlığın həmişə olduğu kimi indi də öz yüksək mövqeyini qoruyub saxladığını dilə gətirdilər. Natiqlər Anar Ağayevin fəaliyyətini yüksək dəyərləndirərək onun işinə məsuliyyətlə yanaşan dekanlarımızdan biri olduğunu söylədilər və məruzəçinin  hesabatını qənaətbəxş qiymətləndirməklə yanaşı, bir sıra təkliflərini də irəli sürdülər.

 

Müzakirələrə yekun vuran professor G. Gəraybəyli  İctimai səhiyyə fakültəsinin uzun illər  universitetin daxilində özünəməxsus layiqli yer tutduğunu, lakin elmin  sürətlə inkişaf etdiyi bir dövrdə burada da artıq yeniliklərin baş verdiyini və zamana uyğun islahatların aparılması vaxtının çatdığını dedi: “ Anar müəllim fakültənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. İctimai səhiyyə fakültəsinin dekanlığının tədris və tələbələrlə bağlılığı çox müsbətdir. Əksər problemləri dekan, eləcə də müavinləri və dekanlığın əməkdaşları, fəal tələbələrlə birgə yerində həll edir. Burada deyildiyi kimi mən də hesab edirəm ki, fakültənin fəaliyyəti qənaətbəxşdir. Fakültədə tələbələrin 6 il oxumasına baxmayaraq, onlarla  görüş zamanı ixtisasların haqlı olaraq az verilməsindən şikayətlənirlər. Bu gün dünyaya inteqrasiya tələbələr üçün vacib məsələlərdən biridir. Elə kredit sisteminə keçməyin əsas mahiyyətlərindən biri  tələbələrin dünya elminə inteqrasiya edilməsidir. Bu fakültənin adını nə Almaniyada, nə Türkiyə, nə də başqa ölkələrdə qəbul etməyiblər. Bəli, artıq fakültədə  islahatlar başlayıb. Lakin  bu islahatların kiçik hissəsi həyata keçsə də, hələ böyük hissəsi qabaqdadır. Burada ilk növbədə yeni ixtisasların yaranması vacibdir. Belə qərara gəldik ki, bu fakültənin adı altında yeni və köhnə təkmilləşdirilmiş ixtisaslar tədris olunsun. Anar müəllim də öz çıxışında qeyd etdi ki, biz artıq 4 yeni ixtisas üzərində dərsliklər hazırlamışıq. Onlardan bu il 3-ü qəbul olunub. Növbəti  illərdə onlardan istifadə olunacaq və kafedraların dərs proqramlarının modernləşdirilməsi,  dərsliklərin yenilənməsinə dair işlər aparılacaq.

 

2019-cu ildə təhsil proqramında və dərsliklərdə dəyişikliklərin olmasına, bu fakültənin 6 illik deyil, 5 illik təhsil proqramına keçilməsinə zərurətin yarandığını   bildirən rektor vurğuladı ki, bu dəyişikliyə əsasən həm də tələbələrin ixtisas alma uyğunluğu daha asan olacaq: “Hesab edirəm ki, dünyada və ölkəmizdə olan yeni istiqamətlərlə əlaqədar yeni ixtisaslar təşkil olunmalıdır. Qida və nüvə  təhlükəsizliyini qeyd etmək olar. Bu işdə mütəxəssislərin azlığını nəzərə alıb  Avropada və Türkiyədə təhsil almış cavan kadrları işə cəlb etmək olar.

 

Bu fakültəyə aid olan kafedraların mövcud problemlərinin heç də digər fakültələrin kafedralarından fərqlənmədiyini bildirən G. Gəraybəyli dedi ki,  tələbələrlə görüşlər müntəzəm aparılmalı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülməlidir: “Yaşından və iş təcrübəsindən asılı olmayaraq hamı bunu təsdiq edə bilər ki, tələbə maraqlı dərsə diqqət göstərir, maraqsız mühazirəyə isə gəlmir. Burada müəllimin keyfiyyətindən  çox şey asılıdır. Dərsin və tələbəyə verilən tədrisin keyfiyyəti böyük  problemdir. Elmi Şuraya məlumat verdim ki, şənbə günü-qeyri iş günü I kurs tələbələri ilə görüş olsun, orada kafedra müdirləri də iştirak etsin. Sonra belə bir təklif oldu ki, tələbələr bəzən müəllimlərin yanında sıxılır, sözlərini deyə bilmirlər. Buna görə də bu qeyri-rəsmi görüşlərdə prorektorlar və dekanlar iştirak etdi. Amma mən istərdim ki, bütün kafedra müdirləri orada iştirak etsinlər. Biz bu gün feysbuk vasitəsi ilə görüşlərin canlı translasiyasını fikirləşirik. Müəllim onun kafedrası haqqında edilmiş müzakirəni bu vasitə ilə eşidə bilər”.

 

Sözünə davam edən rektor hazırda qayıbların tələbənin biliyinə təsirinin müzakirə edildiyini  bildirərək bütün təklifləri eşitməyə hazır olduğunu  dedi: “ Ədalətsiz olar ki, 5 dərs buraxanla bir 1 dərs buraxana fərq qoyulmur və hər ikisindən də bir bal çıxılır. Hesab edirəm ki, növbəti Elmi Şurada bu barədə bir qərar layihəsi təqdim oluna bilər. Tələbələrin biliklərinin qiymətləndirilməsi haqqında da fikirlərimi çatdırmaq  istərdim. Məndə olan məlumata görə, Təhsil Nazirliyində tələbələrin biliyinin qiymətləndirilməsinə yenidən baxılır. Təkliflər biz tərəfdən də olub və rəsmi əsasnamədə öz əksini tapacaq. Yeni tədris ili üçün biz bu əsasnaməni də əldə edə biləcəyik.”

 

Müxtəlif məsələlərə də toxunan  professor G. Gəraybəyli qeyd etdi ki, universitetdə keçirilən seminarları, konfransları  bir proqrama salmaq lazımdır. Növbəti tədris planları tətbiq olunarkən kafedralarda planlaşdırılan həmin tədbirlərin siyahısı göstərilsin. Çünki plandan kənar heç bir konfrans və seminara kredit verilmir.

 

Böyük Elmi Şura  daha sonra elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, həmçinin  dərslik, dərs vəsaiti, metodik vəsaitlərin əlyazmalarının nəşrini  təsdiqlədi və  müsabiqə məsələlərini həll etməklə öz işini başa vurdu.