Mayın 1-6-da ATU-nun İctimai Səhiyyə fakültəsinin Tibbi-profilaktika ixtisası üzrə XLIII (43-cü) Tələbə-elmi konfransı keçirildi. Konfrans 3 bölmə üzrə - Tibbi mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsi; Biokimya bölməsi; Gigiyena bölməsi üzrə aparıldı.
Açılış mərasimində çıxış edən İSF 43-cü Tələbə Elmi Konfransının sədri prof. A.Ə.Ağayev bu konfransın elmi kadrların yetişdirilməsində, tələbələrə təcrübi biliklərin aşılanmasında, tələbələrin elmi-tədqiqat işinə maraqlarının artırılmasında və yüksək ixtisaslı kadrların uğurlu bir platforma olduğunu bildirdi.
Sonra konfransın proqramına uyğun olaraq bölmələr üzrə müvafiq kafedralarda çıxışlar olub. Mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsində - 37, Gigiyena bölməsində - 16, Biokimya bölməsində - 7 məruzə dinlənilib.
Ümumilikdə konfransın təşkilat komitəsinə 61 TETİ təqdim edilib ki, bu da əvvəlki illərlə müqayisədə 2,5 dəfə yüksək göstəricidir. Konfransda İctimai Səhiyyə Fakültəsinin tələbələri ilə yanaşı, digər fakültələrin tələbələri də iştirak ediblər. Onların arasında Müalicə-profilaktika, Stomatologiya, Əczaçılıq fakültələrinin tələbələri də olub. Bundan başqa, Hərbi Tibb Fakültəsinin kursantları da maraqlı məruzələrlə çıxış ediblər, tələbə yoldaşlarının yerinə yetirdikləri elmi işlərə dair sualları və öz münasibətləri ilə fərqləniblər.
Konfransa təqdim edilən işlərin əksəriyyəti müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqlənib. Bu, münsiflər heyətinin qiymətləndirmə kriteriyalarında xüsusilə nəzərə alınıb. Qiymətləndirmə zamanı prezentasiyaların tərtibinə və dizaynına, həmçinin məruzəçilərin yerinə yetirdikləri tələbə elmi işlərin aktuallığına, onların diskussiya qabiliyyətinə də fikir verilib.
Konfransın sonunda tədqiqat işini müvəffəqiyyətlə məruzə edib yer tutan tələbələrə diplomlar, digər tələbələrə isə sertifikatlar təqdim edildi.
Ümumilikdə dinlənilən 60 TETİ-dən 9 tələbə - I yer, 19 tələbə - II yerə layiq görülüb, diplomla təltif olunub. 32 tələbə isə sertifikat alıb. Bundan başqa, bəzi tələbələrə də konfransda fəal iştirakına görə sertifikatlar verilib. Konfransın sonunda məllimlər TEC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün maraqlı təklif və tövsiyələrini səsləndiriblər.
Artıq neçə ildir ki, ATU-nun müəllimlərinin pedaqoji fəaliyyəti bal-reytinq cədvəlinə əsasən qiymətləndirilir. Bununla əlaqədar olaraq, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak edən və tələbə işinə rəhbərlik edən müəllimlər də diplomlarla təltif olunublar.Diplomlar İSF-nin EŞ-da fakültə dekanı prof. İ.Ə.Ağayev tərəfindən təntənəli şəkildə təqdim olunub.
Konfransın materiallarının çap olunması artıq ənənə halını alıb. Bu il də İctimai Səhiyyə fakultəsinin Tələbə Elmi Cəmiyyətinin konfransının toplusu kitabça şəklində dərc edilərək tələbələrə paylanacaq.