Azərbaycan Tibb Universitetində yaz semestrinin yay imtahan sessiyası uğurla davam edir. 2018/2019-cu tədris ilinin buraxılış kurslarında dövlət imtahanlarından əvvəl keçirilən imtahanlar artıq yekunlaşmaqdadır.
İmtahana Nəzarət Qrupunun sədri Zümrüd Abaszadə imtahanın gedişi barədə qısa məlumat verərək nəzarətçilərin kifayət qədər təlimatlandırıldığını, indiyədək neqativ hallarla qarşılaşmadıqlarını söyləyib. Onun sözlərinə görə, buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak edə bilməyən, qeyri-müvəffəq qiymət alan tələbələr üçün də ara günlərində imtahanlar keçirilir ki, onlar iyun ayında başlayan imtahanlarda iştirak etmək hüququ qazansınlar.
İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova isə öz açıqlamasında imtahan prosesinin ümumi mənzərəsini diqqətə çatdırb: “Bildiyiniz kimi, yeni tədris ilindən payız və yaz semestrlərində I kursların aralıq qiymətləndirilməsi elektron şəkildə bizim mərkəz tərəfindən təşkil olunur. Aprelin 22-dən mayın 1-ə qədər cədvələ uyğun olaraq tibb fakültələrinin 2570 nəfər I kurs tələbəsi aralıq qiymətləndirmədə iştirak edərək imtahanları uğurla veriblər. Qarşıya belə bir tələb qoyulub ki, test suallarına tədrisin 10-cu həftəsinə qədər olan mövzular salınmalıdır. Yəni tələbənin keçmədiyi mövzuya aid bircə sual da testə salınarsa narazılıq doğurur və apellyasiya şikayətinə əsas yaradır ki, bunun da təşkili çox ağır bir prosesdir. Təbii ki, yükün ağırlığı ilk növbədə İmtahan Mərkəzinin üzərinə düşsə də, kafedralarsız, müəllimlərsiz, onların rəyi olmadan bu işi yerinə yetirmək mümkün deyil”.
Bir neçı fənnin birləşdiyi imtahanların təşkilinə xüsusi diqqət yetirildiyini, xırda texniki səhvlərin anında və yerindəcə həll olunduğunu bildirən Ü.Cəfərova imtahan suallarının Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin bütün fənlər üzrə hazırladığı proqramlara uyğun olaraq İmtahan Mərkəzi tərəfindən seçildiyini, 46 nəfərlik ekspert qrupu ilə birlikdə çox gərgin iş rejimində çalışdıqlarını, ortaya çıxan problemin dərhal aradan qaldırıldığını deyib.
İmtahanın gedişini izləyən universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, əvvəllər VI kurslarda semestrin sonunda yalnız məqbullar olurdu və dövlət imtahanları aparılırdı. Dövlət imtahanlarından öncə bu cür imtahanların aparılmasının tələbələrdə müəyyən mənada narahatçılıq doğurduğunu deyən prorektor qeyd edib ki, buna baxmayaraq imtahan prosesində ciddi bir problemimiz olmayıb: “Çünki imtahan prosesinin iştirakçıları yaxşı anlayır ki, bu imtahanların keçirilməsi kredit sisteminin tələbləri ilə bağlıdır. Belə ki, tədris olunan fənlər semestrin sonunda imtahan vasitəsilə qiymətləndirilməlidir. Düşünürük ki, semestrin sonunda bir neçə dəfə imtahan aparılmasının tələbələr üçün çətinlik yaratdığını nəzərə alaraq, gələcəkdə bu məsələlərə yenidən baxıla bilər”.
Universitet rəhbərliyinin bütövlükdə imtahanın gedişinə nəzarət etdiyini söyləyən S.Əliyev daha böyük imtahan prosesinin gələn ayın əvvəlində başlayacağını və uğurla yekunlaşacağına əminliyini vurğulayıb.