Amerikalı professor müəllimlərimiz qarşısında çoxsaylı məruzələrlə çıxış edib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Kilinikasında Çikaqo Universitetinin professoru, Amerika İmmunoloqlar Assosiasiyasının və Amerika Mikrobiologiya Cəmiyyətlərinin üzvü, doktor Nadim Fazal bir neçə gündür ki universitetin müəlimləri üçün müxtəlif mövzularda seminarlar təşkil edib. Onun “Müəllimlərin dərs demək fəlsəfəsi”, “Kurikulumun xəritəsi”, “Müəllimlərin tələbələri öyrətmə üsulları” mövzularında etdiyi geniş və əhatəli çıxışı müəllimlər tərəfindən maraqla qarşılanıb.

 

O, çıxışlarında müəllimlərin tədris zamanı tələbələri öyrətmələrinin müasir üsullarından, inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrində tətbiq olunan qaydalardan və özünün qazandığı çoxillik təcrübələrdən sitatlar gətirib.Onun slaydlar vasitəsi ilə göstərdiyi örnəklər, tələbələrin mövzuları yaxşı mənimsəmələri üçün müəllimlərin istifadə etdiyi çoxşaxəli qaydalardan çəkdiyi misallar dinləyicilərin diqqətinə səbəb olub.

 

Professor N.Fazalın iyunun 24-də “Müasir tibbi təhsil” mövzusunda təşkil etdiyi növbəti seminarını keçirib. Seminarda professor, inkişaf etmiş ölkələrinin ali tibb təhsili müəssisələrində tədris zamanı əldə edilmiş yeniliklərin nəzəriyyə və təcrübədə necə öyrədilməsi məsələsinə geniş şəkildə toxunub. Əldə olunmuş və tətbiq olunacaq yeniliklərin hansı mərhələlərlə həyata keçirilməsi, müəllimlərin bu yenilikləri hansı üsul və vasitələrlə tələbələr çatdırması barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, professor N.Fazal bu günlərdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə də görüşüb. O, keçirdiyi seminarlar, universitet müəllimlərinin fəallığı, əldə etdiyi təəssüratlarla bağlı rektora məlumat verib. Ona yardılan şəraitə görə rektora təşəkkürünü bildiribdir.