ATU-nun Böyük Elmi Şurasının iclası keçirilib

Tibb Universitetində tələbələrin istəyi ilə dərs saatları dəyişdirildi

ATU-nun 2018/2019-cu tədris ili üçün son Böyük Elmi Şura iclası keçirilib. Ənənəvi olaraq ATU-nun Nabranda yerləşən “Təbib” istirahət mərkəzində baş tutan iclasda rektor, professor Gəray Gəraybəyli əvvəlcə fəxri ada layiq görülən universitet əməkdaşlarını təbrik edib. Qeyd edib ki, 17 iyun Səhiyyə İşçiləri Günü münasibətilə Prezident İlham Əliyev tərəfindən ATU-nun bir qrup əməkdaşı fəxri adla təltif olunub. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun 16 may tarixli sərəncamına əsasən ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri Lalə Allahverdiyevaya “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” döş nişanı ilə təltif olunub. Rektor həmçinin propedevtika kafedrasının dosenti Nəriman Nağıyevi də yubileyi münasibətilə təbrik edib.

 

Daha sonra Böyük Elmi Şuranın iclasında bəzi cari məsələlərə baxılıb, müvafiq məsələlərin həlli ilə bağlı əmrlər verilib.

 

Rektorun tələbələrlə görüşü zamanı çox səslənən təkliflərdən biri həllini tapıb. Belə ki, Elmi Şuranın qərarına əsasən, universitetdə dərslərin saatları dəyişdirilib. Bundan sonra I dərs saat 08:30-10:00 arasında, 15 dəqiqə fasilədən sonra II dərs saatı 11:15-11:45 arasında olacaq.  45 dəqiqə fasilədən sonra III dərs saat 12:30-14:00 arasında və 15 dəqiqəlik fasilədən sonra sonuncu IV dərs 14:15-15:45 arasında olacaq.

 

Bundan əlavə, 2019/2020-ci tədris ili üçün tədris işçi planına dəyişiklik edilib. I kurs tələbələri üçün kredit sayı azaldılıb, iki semestrdə tədris olunan fənlər birləşdirilərək bir semestrdə tədris olunması qərara alınıb.

 

Qərara əsasən, I kurs tələbələri üçün fənlər fakültələr üzrə növbəli tədris olunacaq. Növbəti tədris ilində universitetin ayrı-ayrı fakültə və kurslarında tədris yeni iş rejimində aparılacaq.

 

Elmi Şuranın qərarına əsasən, Fizika və informatika kafedrasının adı dəyişdirilərək “Tibbi və bioloji fizika” kafedrası adlandırılması, Ftiziatriya kafedrasının adı dəyişdirilərək, “Ağciyər xəstəlikləri” adlandırılması qərarı verilib.

 

2019/2020-ci tədris ilindən etibarən rektorun qəbul prosesində dəyişiklər olacaq. Belə ki, növbəti tədris ilində rektorun qəbul günləri Bazar ertəsi və Cümə axşamı günləri saat 15:00 - 17:00 arasında həyata keçiriləcək. Qəbul yalnız və yalnız öncədən qeydiyyat aparılmaqla keçiriləcək. Qəbula müəllimlər, tələbələr və vətəndaşlar yazıla bilərlər. Öncədən qeydiyyatdan keçməyən şəxslər qəbula buraxılmayacaq.

 

Şura iclasında Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri buraxılış işlərinin müdafiəsi və buraxılış dövlət yekun imtahanları ilə bağlı hesabatlarla çıxış etdilər. I müalicə profilaktika fakültəsi üzrə DAK-ın sədr müavini, professor Şərif Mahalov, II müalicə profilaktika fakültəsi üzrə DAK-ın sədri, t.e.d. Teymur Qafarov, ictimai səhiyyə fakültəsi üzrə DAK-ın sədri t.ü.e.d. Akif Salehov, stomatologiya fakültəsi üzrə DAK-ın sədri, professor Mahir Əliyev, əczaçılıq fakültəsi üzrə DAK-ın sədri b.e.d. Şəfiqə Topçiyeva, hərbi fakültə üzrə dekan, tibb xidməti polkovniki Çingiz Əlləzov tərəfindən hesabatlar dinlənildi.