Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə Profilaktika fakültəsinin tələbəsi, FAİREX -in (Hava və Ekstermal İdman növləri Federasiyası) idmançısı, Azərbaycan dağçısı Qüdrət Qədirsoy ATU-nun bayrağını Şahdağ zirvəsində dalğalandırıb. Azərbaycan Respublikasının ərazisindəki ikinci ən böyük zirvəmiz olan Şahdağ zirvəsi dəniz səviyyəsindən 4243 metr yüksəklikdə yerləşir.
Q. Qədirsoyun sözlərinə görə, iyunun 22-də rəhbərlik etdiyi 13 nəfərlik qrupla Quba rayonuna yollanıb: “Quba rayonu ərazisində yerləşən Böyük Qafqaz sıra dağlarının Şahdağ yan silsiləsində 3100 m yüksəklikdə kamp quruldu. İyunun 23-də səhər saat 05:00-dan zirvə yürüşünə başladıq. Günorta saatlarında məqsədimizə çatdıq - Şahdağ zirvəsində ATU bayrağını dalğalandırdıq”.
Qeyd edək ki, Qüdrət Qədirsoy 2013-cü ildən etibarən bir sıra digər zirvələrdə də olub. Dağçı uzun məsafələr qət edərək, Bazardüzü (4466 m), Cümhuriyyət (3740 m), Atatürk z (3751 m), Çingiz Mustafayev (4062 m), Heydər Əliyev (3751 m) və digər zirvələri fəth edib.