25-27 iyun 2019-cu il tarixlərində Türkiyənin Nevşehir şəhərində Nevşehir Hacı Bektaş Veli Universitetinin təşkilatçılığı ilə RESSCONGRESS tərəfindən keçirilən “ III Uluslarası Eyitim Bilimleri ve Sosyel Bilimler Sempozyumu” keçirilib.
Azərbaycan dili kafedrasının dosenti Dürdanə Rəhimzadə bu simpoziumda “ Ərəb mənşəli tibbi terminlər” mövzusunda məruzə edib, həmçinin konfransın dinləmələrindən birində bölmə sədri olub. 400-dən çox iştirakçının qatıldığı bu tədbirdə əməkdaşımızın məruzəsi böyük maraqla qarşılanıb.
Simpoziumun qapanışında dosent D.Rəhimzadəyə söz verilib, o da öz növbəsində nitq söyləyərək universitetimizi layiqincə təmsil edib. Əməkdaşımıza məruzəsinə görə sertifikat, bölmə sədrliyinə görə təşəkkürnamə təqdim edilib. Konfrans iştirakçıları arasında, bu yaxınlarda Azərbaycan Tibb Universitetini ziyarət edən və universitet rəhbərliyi ilə görüşən 9 Eylül Universitetinin professoru Asuman Altay da olub.
O, Dürdanə xanıma ölkəmiz və universitetimiz haqqında xoş təəssüratlarından, universitetimiz tərəfindən yüksək səviyyədə qarşılanmasından danışmış, rektorumuz professor Gəray Gəraybəyliyə öz şəxsi salamlarını göndərib.