ATU-nun əməkdaşı ABŞ-da beynəlxalq konqresdə iştirak edib

Bu ilin iyununda ABŞ-ın San-Francisco şəhərində Amerika Mikrobiologiya Cəmiyyətinin (American Society for Microbiology-ASM 2019) konfransı keçirilib. Konfransda ABŞ, Kanada, Yaponiya, Çin, Böyük Britaniya, Almaniya, Avstriya, Hollandiya, İtaliya, Fransa, Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və digər ölkələrlə yanaşı, dünyanın 100-dən çox ölkəsindən minlərlə mütəxəssis iştirak edib.

 

Ölkəmizi bu möhtəşəm tədbirdə Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyyə Klinikasının Laboratoriyasının müdiri, Amerika Mikrobiologiya Cəmiyyətinin üzvü Yavər Hacısoy təmsil edib.

 

Y.Hacısoyun sözlərinə görə, konfrans klinik-mikrobiologiya və infeksion xəstəliklər üzrə ən böyük tədbirlərdən biri sayılır: “Konfransda mikrobiologiyanın bütün sahələri,  o cümlədən, bakteriologiya, virusologiya, parazitologiya, mikologiyaya dair bir-birindən maraqlı və yeni məruzələr səsləndi.Konfransada klinik və molekulyar mikrobiologiyanın müxtəlif sahələrini əhatə edən 4000-dən çox elmi iş məruzə (mühazirə, poster, diskusiya və s.) dinlənildi”.

 

ATU adından Yavər Hacısoyun təqdimatında poster məruzə çap olunub.  Konfrans müddətində Biomerieux, Becton Dickinson (BD), BioFire diagnostics kimi 200-dən çox diaqnostik firmanın son texnologiyalarının və reagentlərinin nümayişi də keçirilib.