"Nəzəri, Klinik və Eksperimental Morfologiya" jurnalının ilk nömrəsi təqdim olundu

Azərbaycan Tibb Universitetində "Nəzəri, Klinik və Eksperimental Morfologiya" jurnalının ilk nömrəsinin təqdimat mərasimi keçirilib. "Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin orqanı olan bu jurnalın təqdimatı ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasında baş tutub. Tədbirdə həmin kafedranın, eləcə də Histologiya, embeiologiya və sitologiya, həmçinin məhkəmə təbabəti kafedraları əməkdaşları iştirak ediblər.

 

Tədbirdə giriş sözü ilə çıxış edən İctimai Birliyin sədri professor Vaqif Şadlınski, Azərbaycanda tibb elmi və təhsilinin inkişafı üçün yaradılan əlverişli şəraitə görə cənab prezident İlham Əliyeva, birinci vitse prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. "Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin yaradılması və jurnalın nəşrində göstərilən köməyə görə səhiyyə naziri professor Oqtay Şirəliyev, eləcə də ATU-nun rektoru professor Gəray Gəraybəyliyə dərin minnətdarlığını bildirdi.

 

Toplantıda İctimai Birliyin sədr müavinlərinin təyinatı haqqında məlumat verilib. Qeyd olunub ki, ATU-nun Histologiya, sitologiya və embeiologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Tibbi biologiya və genetika kafedrasının müdiri dosent Vaqif Kərimov birliyin sədr mavinləri kimi fəlaiyyət göstərəcəklər.

 

Professor Eldar Qasımov, professor Mansur Bünyatov, dosent Şöhrət Qasımov, professor Mübariz Allahverdiyev və digər çıxış edənlər İctimai Birliyin təsis edilməsini, jurnalın ilk nömrəsinin çapdan çıxmasını Azərbaycanda morfologiya elminin uğuru kimi qiymətləndiriblər, bu sahədə əməyi olanlara minnətdarlıqlarını çatdırıblar. Bu tədbirin ATU-nun yaradılmasının 90 illiyi, insan anatomiyası kafedrasının yaranmasının 100 illik yubileyi ərəfəsində keçirilməsinin mühüm tarixi əhəmiyyət kəsb etdiyini də vurğulayıblar.

 

Qeyd edək ki, "Nəzəri, Klinik və Eksperimental Morfologiya" beynəlxalq jurnaldır. Jurnalın baş redaktoru və təsisçisi Rusiya Elmlər Akademiyasının akademiki, professor Vaqif Şadlınski, müavini isə professor Balakişi Hüseynovdur.