Azərbaycan Pediatrlar Assosiasiası cəbhə xəttində xeyriyyə aksiyası keçirib

Azərbaycan Pediatrlar Assosiasiyası cəbhə bölgəsində yaşayan uşaqları sevindirib. Ağdam rayonu istiqamətində cəbhə xəttinin 10 km-liyində yerləşən “Dörd yol ayrıcı” adlanan ərazidə yaşayan uşaqlar üçün pulsuz müayinə aksiyası təşkil olunub.

 

Aksiyanın əsas məqsədi  bu təhlükəli ərazidə məskunlaşmağa məcbur olmuş uşaqlar və ailə üzvlərinə yardım etmək, onların müayinə və müalicəsini təşkil etməkən ibarət olub.

 

Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazovanın başçılıq etdiyi həkim briqadasına pediatrlar, oftalmoloqlar, uşaq stomatoloqları, nevropatoloqlar daxil olub. 24 nəfərlik həkim komandanın işində təcrübəli mütəxəssislər, respublikanın tanınmış alimləri ilə yanaşı, könüllülər də iştirak ediblər.

 

Aksiya zamanı bu bölgədə yaşayan hər bir uşaq kompleks tibbi müayinədən keçirilib, problemi aşkarlanan azyaşlılara müalicə təyin edilib, valideynlərə müvafiq məsləhətlər verilib. Bəzi uşaqlar respublikanın ixtisaslaşmış tibbi mərkəzi müəssisələrinə yönləndiriliblər.

 

Ümumilikdə aksiyada Ağdamın 18-dən çox kəndindən olan 1000 qaçqın, məcburi köçkün iştirak edib. 325 uşaq ödənişsiz kompleks müayinədən keçirilib. Eyni zamanda, stomatoloqlar tərəfindən 95 uşağın ağız boşluğunun müayinəsinə və sanasiasiyasına nail olunub. Bundan əlavə, köçkün uşaqlara hədiyyələr, şəkillər, məktublar təqdim olunub.

 

Aksiyanın təşkilində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzi, Oftalmoloqlar Cəmiyyətinin nümayəndələri yaxından iştirak ediblər.

 

Bu aksiya barədə Beynəlxalq Pediatrlar Assosiasiyasının FB səhifəsində ingilis dilində yayım təşkil edilib. Həmin səhifədə kampaniya barədə təfərrüatlı məlumat və foto şəkillərlə tanış olmaq mümkündür.