4 yaşlı xəstənin ürəyində aorta koartasiyanın darlığı aradan qaldırılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 4 yaşlı qızın ürəyinə invaziv müdaxilə olunub. Klinikanın həkimləri qızın ürəyində ağır dərəcəli aorta koartasiyasını aradan qaldırıblar.

 

ATU-nun Tədris Terapevtik Klinikasının Kardioloqu Elnur İmanovun sözlərinə görə, exokardioqrafik müayinə zamanı balaca xəstənin ürəyində ağır dərəcəli aorta koartasiyası, sol ürək boşlugunun qalınlaşması aşkarlanıb. Bu, anadangəlmə ürək qüsurudur. Bu zaman aorta bəlli bir səviyyədə daralmış olur. Darlıq xüsusilə aortadan baş və qollara gedən damarlar çıxdıqdan sonra yaranır. Belə olarkən, ürəkdən vücuda göndərilən qan axını daha dar yerdən keçmək məcburiyyətində qalır. Bu qüsur yalnız cərrahi əməliyyat yolu ilə aradan qaldırılır. Odur ki, bu xəstənin də əməliyyat olunması qərarı verilib. Əməliyyat zamanı xəstənin aorta koartasiyası nahiyəsinə ballon dilatasiyası müdaxiləsi olunub və darlıq aradan qaldırılıb.

 

E.İmanov bildirir ki, əməliyyat uğurla keçib və hazırda xəstənin vəziyyəti stabildir. Bu gün körpə evə yazılacaq. Həkim qeyd edir ki, anadangəlmə ürək qüsuru ilə pasientlərin yetkinlik yaşına çatanların sayı get gedə artır. Bu, həm vaxtında ürək əməliyyatın aparılması, həm də kardioloji müayinənin inkişafı ilə əlaqədardır.

 

Qeyd edək ki, aorta koartasiyası bütün anadangəlmə ürək qüsurlarının 6-12%-ni təşkil edir və hər 1200-1300 diri doğuşa təqribən 1 koartasiya halına rast gəlinir.