Çikaqo Universitetinin professor ATU-da seminarlar keçirib

Azərbaycan Tibb Universiteti malik olduğu zəngin beynəlxalq münasibətləri çərçivəsində tibb sahəsində tanınmış mütəxəssisləri qonaq edir, dünya miqyaslı alimlərin müəllim və tələbələr üçün seminarlarını təşkil edir. Hazırda Çikaqo Universitetinin professoru, Amerika İmmunoloqlar Assosiasiyasının və Amerika Mikrobiologiya Cəmiyyətlərinin üzvü, doktor Nadim Fazal neçə gündür ki, ATU-nun qonağı qismində universitetin müəllimləri üçün müxtəlif mövzularda seminarlar keçirir.

 

N.Fazalın “Müəllimlərin dərs demək fəlsəfəsi”, “Kurikulumun xəritəsi”, “Müəllimlərin tələbələri öyrətmə üsulları” mövzularında etdiyi geniş və əhatəli çıxışı müəllimlər tərəfindən maraqla qarşılanıb. “Müasir tibbi təhsil” mövzusundakı növbəti seminarda inkişaf etmiş ölkələrin ali tibb təhsili müəssisələrində tədris zamanı əldə edilmiş yeniliklərin nəzəriyyə və təcrübədə necə öyrədilməsi məsələsinə geniş toxunulub. Əldə olunmuş və tətbiq olunacaq yeniliklərin hansı mərhələlərlə həyata keçirilməsi, müəllimlərin bu yenilikləri hansı üsul və vasitələrlə tələbələrə çatdırması barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

 

Nadim Fazal çıxışlarında müasir üsullarla tədrisin təşkili, inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrində tətbiq olunan qaydalardan və özünün qazandığı çoxillik təcrübələrdən danışıb, konkret misallar göstərib. Onun nümayiş etdirdiyi örnək slaydlar, tələbələrin mövzunu yaxşı mənimsəməsi üçün müəllimlərin istifadə etdiyi çoxşaxəli üsullar barədə çəkdiyi misallar dinləyicilərin diqqətini cəlb edib.

 

Yekunda seminarların aktiv iştirakçıları ATU rəsmiləri tərəfindən sertifikatla mükafatlandırılıblar.

 

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, rektor müşaviri, dosent Zülfüqar Musabəyov, tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun iştirailə keçən son toplantıda bu cür seminarların keçirilməsinin vacibliyindən və faydalarından danışılıb.