Yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) fakültə dekanlıqlarının nümayəndələri ali məktəbə yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə silsilə görüşlər keçirilir.
Növbəti belə görüş sentyabrın 14-də ATU-nun I müalicə-profilaktika fakültəsinin rəhbərliyi tərəfindən keçirilib. Görüşdə fakültə dekanı, dosent Elşad Novruzov birinci kurs tələbələrini ATU ailəsinə üzv olması münasibətilə təbrik edib. E. Novruzov xatırladıb ki, bu il ATU-ya qəbul olunanların 80 faizi dövlət hesabına oxuyacaq ki, bu da dövlətin tibb və təhsil sahəsində göstərdiyi qayğının nümunəsidir. Dekan E. Novruzov ATU-nun nəzdindəki klinikalar, yataqxanalar, idman kompleksi, kitabxana haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Dekan müavini Mahir Quliyev yeni tələbələri universitetin qaydaları, tədris sistemi, imtahanların ali məktəbdə son illərdə aparılan islahatlarla tanış edib. ATU-nun I müalicə-profilaktika fakültəsinin tələbə dekanı Etibar Abbasov tələbələrin universitet rəhbərliyi ilə əlaqələrinin qurulması, məsələlərin rəhbər şəxslərlə müzakirəsinin təşkili barədə görüş iştirakçılarına məlumat verib.
ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev təşkilatın quruluşu, üzvlərinin sayı, üzvlük qaydaları haqqında məlumat verib. Bildirib ki, hazırda ATU TGT-nin 3000 nəfərdən çox üzvü var və təşkilatın fakültə nümayəndələri, klub və departamentləri aktiv şəkildə fəaliyyət göstərirlər. Təşkilata üzv olmaq tamamilə ödənişsizdir və elektron formada aparılır. I müalicə-profilaktika fakultəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Mustafazadə təmsil etdiyi təşkilatın tələbələrin inkişafı, asudə vaxtın təşkili, intellektual səviyyəsinin artırılması istiqamətində gördüyü işlər, həyata keçirilən layihələrdən danışıb.
Sonda birinci kurs tələbələrinə içində ATU rektoru, professor Gəray Gəraybəylinin valideynlərə təbrik məktubu, tələbə bileti, universitetlə imzalanmış müqavilə, ATU himninin sözləri yer alan xüsusi zərflər təqdim olunub.
Qeyd edək ki, 2019/2020-cu tədris ilində Azərbaycan Tibb Universitetinə 770 tələbə qəbul olub. Onların böyük əksəriyyəti məhz müalicə işi fakültəsini seçib. Belə ki, bu il ATU-nun müalicə-profilaktikasına 483 nəfər qəbul olub ki, bunların da 441 nəfəri Azərbaycan, 42 nəfəri rus bölməsində oxuyacaq. Bunlardan 241 nəfəri I müalicə-profilaktika fakültəsinin tələbələridir.