Fakültənin dekanı, professor Anar Ağayev ATU-ya yeni daxil olan tələbələri və tədbirə qatılan valideynləri təbrik edərək onların bu uğurunu yüksək qiymətləndirib. Xatırladıb ki, 10 minlərlə gənc universitetə hazırlaşır, amma onların içərisindən ən yüksək bal toplayanlar öz istəklərinə qovuşurlar. Sözünə davam edən dekab bildirib ki, bu tədris ilində fakültəyə 50 tələbə daxil olub ki, onlardan da bir nəfəri öz istəyi ilə Türkiyə Cümhuriyyətində təhsil alacaq.
İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasının əsas mahiyyəti haqqında da ətraflı məlumat verən dekan bildirib ki, bu sahə ictimaiyyətin sağlamlığını qoruyan və yaxud ona təsir göstərən bir sahədir: “Yəni bir var ayrı-ayrı fərdlərin sağlamlığının qorunması, bir də var kütləvi sağlamlığın qorunması. Bu nöqteyi-nəzərdən tibbi profilaktika ixtisasına qəbul olunan tələbələrimiz əhali arasında xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrənirlər. Onlar epidemioloq, metodist, səhiyyə idarəçiləri və həkim-laborant olurlar. Əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlər sistemini işləyib hazırlayırlar. Bununla da insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini təmin edirlər”.
Bu fakültədə təhsil alan tələbələrin həm də ictimai fəallıqları ilə fərqləndiyini vurğulayan A.Ağayev ixtisas seçimi ilə bağlı bəzən tələbələrdə və valideynlərdə narahatlıq yaradan məsələlərə də aydınlıq gətirib.
Fakültənin tədris məsləhətçisi Zümrüd Abaszadə tədris planı, imtahan prosesi, eləcə də universitetin nizam- intizam qaydaları ilə I kurs tələbələrini tanış edib.
Toplantıda iştirak edən fakültənin tələbə dekanı Fidan Həsənli və fakültə həmkarlar təşkilatının sədri Ella Qocayeva tələbələri asudə vaxtlarını səmərəli keçirmək üçün universitetdə yaradılan yüksək şəraitdən maksimum istifadə etməyə və TEC-n konfranslarına qatılaraq fəallıq göstərməyə çağırdılar.
Sonda tələbə adını qazanmış gənclərə tələbəlik illərində nailiyyətlər arzulayan Anar müəllim onlara tələbə biletini də təqdim edib.