ATU-nun 37 tələbəsinin təhsil haqqı Gənclər Fondu tərəfindən ödəniləcək

Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqənin nəticələrini elan edib. Nəticələrə əsasən, ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri tam və ya qismən Gənclər Fondu tərəfindən qarşılanacaq.

 

Bu gənclər arasında Azərbaycan Tibb Universitetinin tələbələri də var. ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyevin sözlərinə görə, Gənclər Fondu universitetin 37 tələbəsinin təhsil haqqı üzrə borclarını tamamilə ödəyəcək. Bu tələbələr ATU-nun müxtəlif fakültə və kurslarında təhsil alırlar.

 

R.Vəliyev qeyd edir ki, müsabiqə elan edildikdən sonra TGT bununa bağlı ehtiyacı olan, təhsil haqqını ödəməyə çətinlik çəkən tələbələrə məlumat verib. Onlara Fonda müraciət etmək, zəruri sənədləri hazırlamaq üçün hər cür yardım göstərilib. Nəticədə ATU-dan 92 tələbə təhsil haqqının ödənilməsi ilə bağlı Gənclər Fonduna müraciət ünvanlayıb.
R.Vəliyev bildirir ki, sonradan Gənclər Fondu bu tələbələrin ehtiyac səviyyəsini öyrənmək üçün yenidən TGT nümayəndələrinə müraciət edib. Hər bir tələbənin durumu fərdi surətdə araşdırılıb və müvafiq məlumat Gənclər Fonduna ötürülüb. Nəticədə, 32 nəfərin təhsil haqlarının ödənilməsinə dair qərar verilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən bu müsabiqə iyunun 11-dən iyulun 19-dək davam edib. Bu il ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

 

Azərbaycanda keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu istiqamətdə son illər gənclər üçün çoxsaylı imkanlar yaradılıb. Sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır. Ötən il Gənclər Fondu 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borclarını ödəmişdi.