12 il sonra ailədə əkiz sevinci yaşandı

12 illik evlilik həyatı, sonlanmayan hamiləlik və düşüklərdən sonra Tovuzdan Əəsvərovlar ailəsi əkiz uşaq sahibi ola bilib. Bu barədə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natavan Axundova məlumat verib.

 

Həkimin sözlərinə görə, Tovuz rayonundan olan 32 yaşlı G.Əsgərova 12 il ərzində iki dəfə hamilə qalıb, lakin hər dəfə döl inkişafdan qaldığına görə hamiləlik sonlanmayıb: “Xanımın anamnez məlumatlarında boru-peritoneal amilin olması, yumurtalıqların rezerv imkanlarının azalması, birincili hipotireoz (qalxanabənzər vəzin funksiyasının azalması) aşkar edilmişdi. Növbəti hamiləlik bizim nəzarətimiz altında keçdi. Elə hamiləliyin ilk həftələrindən ciddi problemlər yarandı: başlanmış düşük, erkən və gec düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, istmiko-servikal çatışmazlıq, kənari cift gəlişi və s. Fəsadlaşmalar vaxtında dəf edildi və hamiləlilik 29 həftəsində həyati göstərişlə qanaxma səbəbindən sonlandırıldı».

 

Həkim bildirir ki, Keysər kəsiyi əməliyyatı ilə üçəmlər doğulub. Onların çəkiləri 1470 qram, 1350 qram və 1250 qram olub. Lakin döllərdən biri periventrikulyar leykomalyasiya və baş beyinə üçüncü dərəcəli qansızma səbəbindən dünyasını dəyişib.

 

«İki yenidoğulmuş körpə neonatoloqların ciddi səyi, Heydər Əliyev Fondunun dəstəyi və millət vəkili Qənirə Paşayevanın seçicisinə olan sevgi və qayğısı sayəsində həyatda qaldılar. Hələ doğum evində olduqları müddətdə körpələr dövlətimizin vətəndəşlarına olan qayğısını hiss etdilər. Nəhayət əkizlərimizi evə yazmışıq”.

 

Natavan Axunodca ATU TCK-nın kollektivi adından Günel və ailəsini ürəkdən təbrik edir, onlara balacaları ilə birlikdə uzun və mənalı ömür arzulayır.