YAP-ın Nəsimi rayon təşkilatının sədri ATU-nun tələbələri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ATU-nun tələbələri ilə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyasının tələbə üzvləri və fakültə dekanları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb. O, tədris ilinin başlanmasından çox qısa müddət keçəndən sonra universitetimizin məzunu, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət xanımın bizim gənclərlə görüşə gəlməsindən məmnunluğunu dilə gətirib. Dövlətçilikdə bir ideoloji cəbhənin olduğunu xatırladan S.Əliyev qeyd edib ki, Azərbaycan dövlətinin ideoloji cəhətdən aparıcı qüvvəsi Ulu Öndər tərəfindən təsis edilən və 750 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasıdır. Xüsusilə, gənclərin bu partiyaya həvəs göstərməsini yüksək qiymətləndirən prorektor idarəçilikdə ideologiyanın aparıcı yer tutduğunu vurğulayıb: “Bu baxımdan müstəqil Azərbaycanımızın indiki nailiyyətlərində iqtidar partiyasının böyük rolu var. Bilirsiniz ki, Ulu Öndərimizin siyasətinin davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev bu ideoligiyanı uğurla davam etdirir. Artıq sirr deyil ki, Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən biridir və istər iqtisadi, istər elmi, istər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə sürətlə irəliləyir”.

 

Azərbaycan Tibb Universitetinin 600-dən artıq bal toplayan tələbələrin və Prezident təqaüdçülərinin sayına görə son 5 ildə ali məktəblər arasında birinci yeri tutduğunu söyləyən S.Əliyev bu potensialdan kifayət qədər səmərəli istifadə edildiyini deyib.

 

Yeni Azərbaycan Partiyasının üzvlərinin Azərbaycanın ən aparıcı ziyalıları olduğunu xatırladan natiq bəzi neqativ hallara münasibət bildirərək vacib bir məqama da toxunub: “Əgər Prezidenti xalq seçirsə, ona qarşı olan hər hansı xoşagəlməz hərəkət bütövlükdə xalqa qarşı yanlış hərəkətdir. Məmur özbaşınılığına olan münasibətlə Prezidentə olan münasibətin fərqini anlamalıyıq. Biləsiniz ki, xalq tərəfindən seçilən Prezident hakimiyyət məmuru deyil. Ona görə də bu məsələlərdə düzgün mövqe bildirmək hər birimizin borcudur”.

 

Görüş iştirakçılarını YAP-ın Nəsimi rayon təşkilatı adından salamlayan Məlahət İbrahimqızı gənclərlə ünsiyyət qurmağın ondan ötrü xüsusi önəm daşıdığını deyib. Bildirib ki, bu universitetin tələbələri, partiyamızın üzvləri ilə görüşmək isə mənim üçün ikiqat, üçqat sevincdir: “Hər birimiz - mən də, siz də Yeni Azərbaycan Partiyasının üzvləri olaraq davamlı görüşlər keçirməliyik. Çünki Yeni Azərbaycan Partiyasının üzvü olmaq, yalnız onun vəsiqəsini daşımaq deyil, bütün görülən işlərə layiqli töhfə verməkdir”.

 

Ötən yüzillikdə də, elə indinin özündə də Azərbaycanı sevməyən, onun inkişafını gözü götürməyən qüvvələrin mövcudluğunu yada salan millət vəkili Qarabağın hələ də işğalda saxlanılmasının səbəbləri və səbəbkarlarından danışıb. İlk növbədə vətəndaş olaraq, Yeni Azərbaycan Partiyasının üzvü olaraq və gənc olaraq belə həssas məsələlərə xüsusi diqqət ayırmağın vacibliyini önə çəkib.

 

Ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan söhbət açan M.İbrahimqızı xalqımıza, dövlətimizə qarşı həm xaricdən, həm daxildən yönələn şər-böhtan kampaniyasına qarşı sərt mövqe sərgiləməyi tövsiyə edib, gəncləri unutqan olmamağa çağırıb.

 

İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinski sosial şəbəkələrdə söyüş ritorikasından istifadə edən şəxsləri sərt şəkildə qınayıb. O, ötən əsrin 90-cı illərində üzləşdikləri çətinlikləri, Yeni Azərbaycan Partiyasının özəklərinin necə ağır şəraitdə yaradıldığını söyləyərək partiyadaşlarını partiyanın mənafeyi uğrunda qətiyyətlə mübarizə aparmağa səsləyib.

 

Əczaçılıq fakültəsinin tələbəsi Günay Vəlizadə və İctimai səhiyyə fakültəsinin tələbəsi Fidan Həsənli də çıxış edərək görüşün təşkilatçılarına təşəkkürlərini bildiriblər. Hər iki gənc antimilli qüvvələrin heç vaxt öz məqsədlərinə çatmayacaqlarını, qarşılarında dövlətinə sadiq, vətənpərvərlik ruhunda yetişmiş Azərbaycan gənclərini görəcəklərini vurğulayıblar.

 

Tədbirin sonunda YAP-ın sıralarına yeni qatılan gənclərə üzvlük vəsiqələri təqdim olunub.