Oktyabrın 11-13-də Türkiyənin Tekirdağ şəhərində XI Milli Məhkəmə Təbabəti seminarı keçirilib. Toplantıda iştirak edən azərbaycanlı mütəxəssislər arasında Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya və İnsan anatomiyası və tibbi terminologiya kafedralarının əməkdaşları da olub. ATU ilə yanaşı, Azərbaycandan olan nümayəndə heyətində Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşı da təmsil olunub.
Tekirdağdakı seminar TURAZ Elm Dərnəyi ilə Namık Kemal Universitetinin Tibb fakültəsinin Məhkəmə təbabəti kafedrasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə, Namık Kemal Universitetinin rektoru,professor Mümin Şahin, Məhkəmə təbabəti kafedrasının müdiri, dosent Esra Saka, TURAZ Elm Dərnəyinin həmsədri, Malatya şəhəri İnönü Universitetinin Məhkəmə təbabəti kafedrasının müdiri, professor Osman Celbiş çıxış ediblər. Rəsmi çıxışlarda bu tip tədbirlərin elmi əhəmiyyəti ilə yanaşı, iki qardaş ölkənin tibb elmi ictimaiyyətlərinin daha da sıx inteqrasiyasında müstəsna rol oynadığı vurğulanıb.
Seminarda Məhkəmə təbabətinin və patoloji anatomiyanın müxtəlif bölmələri üzrə çıxışlar sırasında Azərbaycan nümayəndə heyəti üzvlərinin - Patoloji anatomiya kafedrasının əməkdaşları Dr. Müşfiq Orucov, Dr. Camal Musayev, Dr. Mahmud Bağırzadə və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin prezidenti Dr. Qismət Quliyevin çıxışları maraqla qarşılanıb.