ATU əməkdaşı iki nüfuzlu xarici jurnalda vəzifə alıb

ATU əməkdaşı iki nüfuzlu xarici jurnala Beynəlxalq Məsləhətçi və Redaksiya Şurasına üzv seçilib
ATU-nun I müalicə-profilaktika fakültəsinin dekan müavini, Tibbi biologiya və genetika kafedrasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Aytəkin Həsənova beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına görə Beynəlxalq Tədqiqat, Təhsil və Tədris Mərkəzi tərəfindən eyni zamanda iki nüfuzlu xarici jurnala Beynəlxalq Məsləhətçi və redaksiya şurasına üzv seçilib. Bu haqda A.Həsənovaya Beynəlxalq Tədqiqat, Təhsil və Tədris Mərkəzinin direktoru Alexandra Cuco tərəfindən təsdiq məktubu gəlib.

 

Mütəxəssimiz xromosom patologiyalarının prenatal diaqnostikası sahəsində müasir genetik analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb. Onun tibbi genetika sahəsində apardığı doktorluq elmi tədqiqat işinin bir hissəsi Türkiyədə yerinə yetirilib. Hazırda bu elmi iş birliyi davam etməkdədir.

 

Qeyd edək ki, bu iş birliyi aktual beynəlxalq məsələlərdə birgə mövqe nümayiş etdirmək məqsədilə, beynəlxalq və regional təşkilatlarda iki ölkə arasında mövcud elmi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.

 

Əməkdaşımız Beynəlxalq Tədqiqat, Təhsil və Tədris Mərkəzinin təsis etdiyi jurnallara - Gülüstan-Qara Dəniz Elmi Akademik Tədqiqatlar Jurnalına (GBSSJAR) Beynəlxalq Məsləhətçi və Redaksiya Şurasının üzvü, eyni zamanda jurnalın tibb bölməsində baş redaktor, Cənubi Qafqaz Beynəlxalq Elmi Təbabət Jurnalına (ALISJMSC) isə Beynəlxalq Məsləhətçi və Redaksiya Şurasının üzvü seçilib.