Noyabrın 1-də I müalicə-profilaktika fakültəsinin genişləndirilmiş elmi şurası keçirilib. Fakültənin dekan əvəzi, Biofiziki və bioüzvi kimya kafedrasının assistenti Natiq Bayramov fakültə elmi şurasının iclasını açaraq bugünkü iclasda I müalicə-profilaktika fakültəsinin dekan vəzifəsinə seçkinin müzakirə olunacağını diqqətə çatdırıb.
Fakültə elmi şurasının üzvlərini salamlayan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev 19 kafedranı birləşdirən I müalicə-profilaktika fakiltəsinin universitetin ən böyük fakültəsi olduğunu bildirib. Çıxışının əvvəlində dekanlıqla kafedraların əlaqəli şəkildə işləmələrinin vacibliyinə toxunan prorektor bu əlaqələrin yetərincə olmadığını təəssüflə qeyd edərək tövsiyələrini verib.
S.Əliyev yeni seçiləcək dekanın öz işinin öhdəsindən layiqincə gələcəyinə əminliyini vurğulayaraq Elşad Novruzovun hələ tələbəlik dövründə öz fəallığı ilə seçildiyini, universitetin ictimai həyatında yaxından iştirak etdiyini deyib: “Sonrakı dövrdə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, dosent seçilib. Eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərib. Ona görə tələbələrlə iş aparmaq səriştəsi də yüksəkdir. Düşünürəm ki, ona səs verilərsə fakültənin işində müəyyən müsbət irəliləyişlər olacaq”.
Bundan sonra fakültə elmi şurasının üzvləri səsvermədə iştirak ediblər. Səsvermənin nəticələrinə görə dosent Elşad Novruzov fakültənin dekanı seçilib.