Nüfuzlu “Metabolites” jurnalı ATU əməkdaşlarının elmi işini dərc edib

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının əməkdaşlarının elmi işi nüfuzlu Metabolites jurnalında (İF 3.03) dərc olunub. “Caucasian Gentiana Species: Untargeted LC-MS Metabolic Profiling, Antioxidant and Digestive Enzyme Inhibiting Activity of Six Plants” məqaləsi kafedranın əməkdaşları - professor C.İ.İsayev və ikinci kurs doktorantı Aydan Qədimli, eləcə də Rusiya alimləri D.İ.Olennikov, N.İ.Kaşenko, A.S.Prokopyev, T.N.Katayeva və N.K.Çirikovanın, eyni zamanda İsveçrədən Ç.Vennosun birgə əməkdaşlığı sayəsində hazırlanıb.

 

Azərbaycan Tibb Universitetinin digər kafedralarında olduğu kimi, farmakoqnoziya kafedrasında da elmi-tədqiqat işləri aparılır. Kafedrada Azərbaycan florasından olan yabanı dərman bitkilərinin öyrənilməsi istiqamətində elmi işlər yerinə yetirilir. Bu sahədə xüsusən kafedranın doktorant və dissertantları daha fəal iştirak edirlər.

 

2018-ci ildə ATU ilə Rusiya Federasiyasının Elmlər Akademiyasının Ulan-Ude şəhərində yerləşən Sibir Şöbəsinin ümumi və eksperimental biologiya İnstitutu ilə təbii kimyəvi birləşmələrin tədqiqi sahəsində müştərək tədqiqatların aparılması ilə bağlı birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Farmakoqnoziya kafedrasının ikinci kurs doktorantı Aydan Qədimli “Azərbaycan florasından olan acıçiçək (Gentiana L.) cinsinə aid bəzi bitki növlərinin farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalışır. Dərc olunan məqalə də məhz doktorantın yerinə yetirdiyi elmi işi ilə bağlıdır.

 

Azərbaycanda 14 növ acıçiçək bitkisi bitir. Fitokimyəvi tədqiqatlar, eləcə də təbii birləşmələrin alınması farmakoqnoziya kafedrasında yerinə yetirilib. Alınan fərdi maddələrin müasir fiziki-kimyəvi üsullarla: HPLC-DAD-ESI-QQQ-MS identifikasiyası isə Rusiyada həyata keçirilib. Hazırda sadalanan cihazların və müvafiq birləşmələrin standartlarının ölkəmizdə olmaması, Rusiya və isveçrəli həmkarlarımızla birgə fəaliyyətimiz sayəsində elmi tədqiqatları müasir səviyyədə yerinə yetirmək mümkün olub.

 

Məqalədə Azərbaycan florasından olan 4 acıçiçək növündən: Gentiana septemfida, G. gelida, G. cruciata və G. asclepiadea bitkilərindən ksantonlar, flavonoidlər və iridoidlərə aid təbii birləşmələr alınması, eləcə də bəzi ekstraktların antioksidant fəallığının öyrənilməsi göstərilmişdir.

 

Ümumilikdə 3 karbohidrat, 71 iridoid qlikozidi (laqonin törəmələri), laqonin, svertiamarin, gentiopikrozid və sverosid törəmələri, 40 flavon C-, O-, C,O-qlikozidlər (luteolin, apigenin), 2 fenol-O-qlikozid, 5 hidroksisinamatlar, 8 ksanton və 7 triterpen qlikozid olmaqla 137 maddə tapılıb.

 

Bu məqalədə Qafqaz açıçiçək növlərinin antioksidant və diabetəleyhinə effektə malik olan bioloji aktiv birləşmələr üçün mənbə olduğu müəyyən edilib.

 

Elmi tədqiqat işinin bir hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun EIF-2013-9(15)-46/01/3-M-13 qrant layihəsi əsasında qurulmuş elmi tədqiqat laboratoriyasında yerinə yetirilib.

 

Elmi məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.mdpi.com/.2218-1989/9/11/271/pdf

 

Kafedranın doktorantı A.İ.Qədimli hal hazırda Türkiyənin Hacettepe Universitetinin farmakoqnoziya kafedrasında 3 aylıq elmi ezamiyyətdədir. Acıçiçək növlərindən fərdi birləşmələrin alınması və onların farmakoloji xassələrinin öyrənilməsi istiqamətində tədqiqatlar qardaş Türkiyə Respublikasının alimləri ilə birgə davam etdirilir.