Azərbaycan Tibb Universitetinin (ATU) Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov oktyabrın 27-31-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən Nevroloqların XXIV Dünya Konqresində (WCN) iştirak edib.
162 ölkədən 4000-dən çox iştirakçısı olan konqresdə ATU təmsilçisi “Kəskin endotoksemiya zamanı tünd degenerativ neyronların formalaşmasında mitoxondrilərin proqramlaşmış ölümü (mitoptoz) geridönməz nöqtədir” mövzusunda posterini nümayiş etdirib. Konreqdə elektron mikroskopik tədqiqatların az olması, digər tərəfdən təqdim olunan materialın adında nisbətən yeni “mitoptoz” termininin istifadə olunması və yüksək keyfiyyətli elektronoqrammaların nümayiş etdirilməsi professor E.K. Qasımovun təqdim etdiyi materiallar iştirakçılar arasında marağa səbəb olub.
Professor E.Qasımov konqresin yüksək səviyyədə təşkil olunduğunu, həmçinin tədbir təşkilatçılarının bütün iştirakçılara eyni dərəcədə diqqətlə yanaşdığını deyir. Onun sözlərinə görə, Konqresin prezidenti, Dünya Nevroloqlar Federasiyasının prezidenti Avstraliyalı prof. William Carroll, konqresin və Birləşmiş Ərəb Əmirliklərinin nevrologiya assosiasiyasının prezidenti Dr. Suhail Abdulla Mohammed Al Rukn açılış mərasimindən sonra müxtəlif ölkələrdən gəlmiş iştirakçılarla şəxsən görüşüblər, şəkil çəkdiriblər. Konqres təşkilatçıları mühazirələrlə yanaşı, posterlər nümayiş olunan məkanları da ziyarət ediblər.
Professor E.Qasımov qeyd edib ki, səfərin yaddaqalan məqamlarından biri dünyanın müxtəlif universitetlərində çalışan Azərbaycan Tibb Universitetinin məzunları ilə görüş olub:
“Bu konqresdə universitetimizin 1988-ci il məzunu Kopenhagen universitetinin nevrologiya üzrə professoru, Avropa Baş Ağrısı Federasiyasının Baş Katibi və Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin Prezidenti Məsud Aşina ilə görüşü xüsusi ilə qeyd etmək lazımdır. Məsudun tutduğu vəzifələr, elmi-tədqiqat işləri hələ başa çatmamış 2019-cu ildə elmi əsərlərinə 1700 istinadın olması onun “miqrenin” öyrənilməsində dünyanın ən qabaqcıl alimi olduğunu birmənalı sübut edir. Onun apardığı elmi-tədqiqat işləri arasında Danimarka dövlətinin razılığı ilə könüllü insanlar üzərində miqren modelinin yaradılması və müalicəsində yeni dərmanların tətbiqini xüsusi ilə qeyd olunmalıdır”.
Professor qeyd edir ki, konqresin fərqli tərəflərindən biri də çapa qəbul olunmuş xülasələrin hamısının Journal of the
Neurological Sciences (İF - 2,651) jurnalının xüsusi buraxılışında yerləşdirilməsi və konqresin proqramına daxil edilən bütün informasiyalarla yanaşı, müəlliflərin özləri tərəfindən göndərilmiş posterlərin PDF variantlarını da telefon və planşetlərə daxil etmək imkanı verən “Download the App - WCN 2019” proqramının internetə yerləşdirilməsi idi. Artıq istənilən iştirakçının konqresin başlanmasına 10 gün qalmış xülasə və posterlərin PDF variantı ilə tanış olma imkanını yaradıb.
Konqresdə nevrologiyanın müasir problemlərinə həsr olunmuş 64 elmi sessiya təşkil edilib ki, onlardan ikisi “Nevroloji xəstəliklərdə mitoxondrial disfunksiya”ya həsr olunub. Xəstələrdən və mitoxondrial disfunksiyaların transgen heyvanlarda yaradılmış modellərindən götürülmüş materiallarda ən çox yayılmış neyrodegenerativ xəstəliklərin (Altsheymer, Parkinson, Yan amiotrofik skleroz) və optik nevropatiyaların patogenezində mitoxondrial DNT-də gedən dəyişikliklərin mühüm əhəmiyyətə malik olduğu molekulyar biologiyanın ən son metodik imkanları vasitəsi ilə nümayiş etdirilib.
Konqresin proqramına 10 ədəd “plenar” və 198 ədəd “sərbəst” (ingiliscə - Free) mühazirələr” daxil edilib. Əsas maraq doğuran müxtəlif mükafatlar (Fulton, Yahr, Baruça, Soriano) laureatları və tədqiq etdikləri sahələrdə dünyada məhşur olan müəlliflərin plenar mühazirələrdəki çıxışları olub.