Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının tələbələrlə görüşü olub

Noyabrın 26-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının “Könüllü qida nəzarətçisi” proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşü olub.

 

Tədbiri ATU-nun İctimai səhiyyə fakültəsinin dekan müavini Qalina Qəniyeva açaraq qonaqları görüş iştirakçılarına təqdim edib. Bildirib ki, ATU-nun tələbələri baza olaraq 2 ildir ki, Qida Təhlükəsizliyi İnstitutunda təcrübə keçirlər. Keçən il qabiliyyətli, bacarıqlı 18 məzununun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən seçildiyini və hazırda Agentlikdə çalışıdığını qeyd edib. Tələbələrə təqdim olunan layihənin onların Agentliklə əməkdaşlığını daha da genişləndirəcəyini dilə gətirib. Sonra layihənin mahiyyəti ilə bağlı məlumat vermək üçün sözü Agentliyin İdarə Heyətinin sədr müavini səlahiyyətlərini icra edən Camal Quliyevə verib.

 

Natiq “Könüllü nəzarətçi proqramı”nın tələbələrin təhsilinin keyfiyyətinin praktik istiqamətlərdə inkişaf etməsində böyük rol oynayacağını qeyd edib:” Eyni zamanda biz bu proqram çərçivəsində öz sıralarımıza sizin aranızdan layiqli kadrları seçmək imkanlarına malik olacağıq”.

 

C.Quliyev dünyada 800 milyondan çox insanın xroniki aclıqdan əziyyət çəkdiyini və faktiki olaraq, onların qida çatışmamazlığı problemi yaşadığını da qeyd edib. Digər tərəfdən dünya ölkələrində istehlakçıya çatdırılan qidaların keyfiyyətində də ciddi problemlər aşkar olduğunu bildirib: “Son illər ölkə rəhbərliyi tərəfindən qida təhlükəsisliyi sahəsinə xüsusi diqqət göstərilir. Qida təhlükəsizliyinin keyfiyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi İnstitunun yaradılması bu sahəninin inkişafına bir stimul verib. İnstitut MDB məkanında fəaliyyət göstərən institutlara bənzəmir və kriteriyaları Avropa sisteminə uyğunlaşdırılıbdır.

 

C.Quliyev eyni zamanda proqramın məqsədi və qarşıda duran vəzifələrlə bağlı tələbələrə ətraflı məlumat verib:”Proqramda nəzərdə tutulan məqsədlərdən biri də ondan ibarətdir ki, Agentlik səlahiyyətləri çərçivıəsində ölkədə fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq etsin. Laboratoriya və elmi-tədqiqat işlərinin qapısını sizlər üçün açıq elan edək. Aranızdan seçilənləri könüllülük prinsipi əsasında sıralarımıza cəlb edək. Çalışın proseslərdə yaxından iştirak edin ki, praktik olaraq vərdiş və bacarıqlarınızı artıra biləsiniz. Hesab edirik ki, siz bu çağırışa qoşulacaq və ölkəmiz üçün əhəmiyyətli olan qida təhlükəsizliyinin təşkilniə töhfənizi verəcəksiniz”.

 

C.Quliyev könüllü tələbələrin layihədə iştirak etmələri üçün onların Agentliyə müraciət etmələrini, qeydiyyatdan keçmələrini, qiymətləndirmə aparıldıqdan sonra təlimlərdə iştirak etmələrini də tövsiyə edib: “Hesab edirəm ki, sizə təqdim olunan layihəni dəyərləndirəcək və iştirak edəcəksiniz. Layihədə sizin maddi və mənəvi stimullaşdırılmanız da nəzərdə tutulub. İçtirakçı olmaqla bu sahəyə marağınız artacaq və ölkəmizdə qida təhlükəsizlik sisteminin formalaşmasında yaxından iştirak edəcəksiniz”. C.Quliyev həmçinin tələbələrin çoxsaylı suallarını da cavablandırıb.