Rezidentura təhsili mərhələsində həkim-mütəxəssislərin hazırlanmasının vəziyyəti müzakirə olunub

Noyabrın 26-da Böyük Elmi Şuranın növbəti iclası keçirildi. İclası açan ATU- nun rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə universitetin ictimai, elmi - mədəni həyatında böyük xidmətləri olan Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovu  50 illik yubileyi münasibətilə təbrik edərək onun fəaliyyətini yüksək qiymətləndirdi.

 

Göstərilən diqqətə görə təşəkkürünü bildirən C. Qasımov ömrünün yarısından çoxunun Azərbaycan Tibb Universiteti ilə bağlı olduğunu vurğuladı. O, bu sahədəki əməyinin  yüksək dəyərləndirildiyindən məmnun olduğunu söyləyərək  bundan sonra da öz dogma kollektivinə layiqincə xidmət edəcəyini dedi. 

 

Sonra rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun “Azərbaycan Tibb Universitetində rezidentura təhsili mərhələsində həkim mütəxəssislərin hazırlanmasının vəziyyəti və kollektiv qarşısında duran vəzifələr” barədə hesabatı dinlənildi.

 

Respublikamızda təhsil və səhiyyə sistemini Avropa Standartlarına İnteqrasiya etmək yolunda aparılan islahatların ildən-ilə inkişaf etdiyini vurğulayan məruzəçi həkim və əczaçı kadrların hazırlanması işində universitetimizin xeyli nailiyyətlər əldə etdiyini, müasir tələblərə cavab verən həkim- mütəxəssis və əczaçı kimi yetişmələri üçün rezident və magistrlərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu dedi.

 

Şöbənin fəaliyyəti haqqında məlumat verən natiq qeyd etdi ki, şöbə öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 №-li qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” haqqında qərarına və magistratura təhsili haqqında Nazirlər Kabinetinin 2010-cu il 12 may 88 №-li qərarına uyğun, eləcə də Səhiyyə Nazirliyinin əmr və təlimat məktublarına əsasən yerinə yetirir. Əsas məqsəd isə ATU- ya qəbul edilmiş rezidentlərin və magistrlərin tədrisinin təşkilinə, rezidentlərin klinikalarda maksimum səviyyədə xəstələrlə təminatına, rotasiyaların təşkilinə, elmi-tədqiqat işlərinə cəlb edilməsinə və daxili nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət  etməkdən, eləcə də dövrü və yekun attestasiya imtahanlarını təşkil etməkdən, universitet rəhbərliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qoyulan tələbləri yerinə yetirməkdən, eyni zamanda rezidentləri və magistrləri narahat edən problemləri həll etmək üşün lazımi tədbirlərin həyata keçirilməsindən ibarətdir.

 

R.Məmmədov bildirdi ki, hal-hazırda universitet üzrə 36 ixtisas üzrə I kursda 214, II kursda 187 nəfər, III kursda 86 nəfər, IV kursda 114 nəfər və V kursda 45 nəfər olmaqla cəmi 668 nəfər rezident təhsil alır ki, onlardan da 51 nəfəri ödənişli əsaslarla təhsil alan əcnəbi vətəndaşlardır.

 

Hesabat dövrü ərzində 2018-ci ildə 26 nəfər, 2019-cu il ildə isə 14 nəfər olmaqla müxtəlif səbəblərdən rezident sıralarından xaric edilmişdir.

 

Tədris ili ərzində 30 nəfər sosial və akademik məzuniyyətə çıxmış, 13 nəfərin təhsil müddəti isə analıq məzuniyyətində olduqlarına ğörə uzadılmışdır. 2018-ci ilə 141 nəfər, 2019-cu ildə isə 131 nəfər Azərbaycan Tibb Universitetində rezidentura təhsilini başa vurmuşdur.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 №-li qərarına əsasən rezidentura  hazırlığının 40 ixtisas üzrə aparıldığını deyən məruzəçi növbəti tədris ilindən həmin qərara Nazirlər Kabinetinin 15 mart 2019-cu il tarixli 103 №-li qərarı ilə dəyişikliklər olunduğunu vurğuladı:. “Bu dəyişikliklərə ğörə yeni ixtisalar yaradılmış, eyni zamanda terapiya-daxili xəstəliklər, mikrobiologiya-tibbi mikrobiologiya, genetika-tibbi genetika sözləri ilə əvəz edilmişdir. İmmunologiya ixtisası ləğv edilərək allerqologiya və immunologiya ixtisası kimi adlandırılmışdır. Psixiatriya ixtisası üzrə təhsil müddəti 2 ildən 3 ilədək uzadılmışdır. Stomatologiya ixtisası ləğv edilərək 6 yeni ixtisas, yaradılmışdır. Bundan başqa ailə təbabəti, nüvə təbabəti, uşaq endokrinologiyası, uşaq və yeniyetmə psixiatriyası, neonatologiya, uşaq kardiologiyası, uşaq nefrologiyası, uşaq nevrologiyası, uşaq qastroenterologiyası, uşaq urologiyası, uşaq yoluxucu xəstəlikləri, uşaq ürək-damar cərrahiyyəsi ixtisasları yaradılmışdır. Növbəti ildən bu ixtisaslar üzrə qəbul aparılaçaqdır”.

 

Sözünə davam edən  məruzəçi dedi ki şöbənin əsas məqsədindən biri rezidentlərin kliniki hazırlıqlarını yaxşılaşdırmaq və müasir tibbi tələblər səviyyəsinə çatdırmaqdır: “Bunun üçün klinikalarımızda və laboratoriyalarda rezidentlər üçün lazımi şərait yaradılmalı, onlara qayğı ğöstərilməlidir. Rezidentlər xəstələrin müayinəsi, diaqnostikası və müalicəsi proseslərində yaxından iştirak etməli, yeni protokollarla tanış olmalıdırlar. Kuratorlar, kafedra və şöbə müdirləri, eləcə də klinika rəhbərləri daima onlara diqqət göstərməlidirlər. Rezidentlərimizin xəstə azlığından şikayətlərini aradan qaldırmaq və onların kliniki bacarıqlarını daha da artirmaq üçün 2013-cü ildən başlayaraq Azərbaycan Tibb Universiteti ilə xarici ölkə universitetiəri arasında, xüsusən qardaş Türkiyə Respublikasının universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə əsasən bizim rezidentlərimizin xaricdə rotasiyaları təşkil olunur ki, bu da sıxlığın aradan qaldırılmasına müəyyən köməklik edir. Qeyd etmək istəyirəm ki, 2018-ci ildə 83 nəfər Türkiyyə Respublikasında, 9 nəfər Almaniyada, 3 nəfər İran İslam Respublikasında və 1 nəfər İngiltərədə olmaqla 96 nəfər, 2019-cu ildə isə hal-hazıra qədər 75 nəfər Türkiyə Reaspublikasında, 14 nəfər Almaniyada, 2 nəfər İngiltərədə və 1 nəfər ABŞ-da olmaqla cəmi 92 nəfər 3-8 ay müddətində rotasiyalarda olmuş və bu iş uğurla davam etdirilir. Hal-hazırda Azərbaycan Tibb Universitetində rezidentlərin sayının artmasını və digər bazalardan da bizim klinikalra rotasiyaya gələn rezidentlərin sayının çox olmasını (Keçən il 324 nəfər, bu il indiyədək 163 nəfər) nəzərə alsaq, bunun çox böyük əhəmiyyəti olduğunu görərik.

Artıq ikinci ildir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən digar bazalardan olan rezidentlərin xarici ölkələrə rotasiya keçmələri də Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi tərəfindən yerinə yetirilir. Təkçə bu il indiyədək başqa bazalardan 31 nəfər Azərbaycan Tibb Universiteti vasitəsilə xaricə rotasiyaya göndərilmişdir. Qeyd etmək istəyirəm ki, həm Azərbaycan Tibb Universitetinin, həm də digər bazalardan olan rezidentlərin xarici ölkələrdə rotasiyalarının təşkilində beynəlxalq əlaqələr şöbəsi və prorektorluq bizə yaxından köməklik edir.”

 

Rezidentlərin yüksək səviyyəli həkim-mütəxəssis kimi yetişmələrində, onların daim öz biliklərinin artırılmasında kliniki fəaliyyətlə bərabər, elmi-tədqiqat işlərinin aparılmasının da vacibliyini önə çəkən R.Məmmədov ATU- da hər ilin may ayında ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş rezidentlərin elmi-təcrübi konfransının keçirildiyini dedi: “ATUREK adı altında keşirilən elmi-təcrübi konfransa bu il ilk dəfə magistrlərimiz da qatıldı. Bu il konfransa 28 ixtisas üzrə 98-i məqalə və 88-i tezis şəkilində olmaqla 186 elmi iş təqdim edilmişdir ki, onlardan da 21 iş 8 ixtisas üzrə digər bazalardan olan rezidentlərdən qəbul edilmişdir. Eyni zamanda bu il ilk dəfə olaraq magistrlərdən də 30 elmi iş qəbul edilmiş, bu elmi işlərin hamısı toplum şəklində çap edilmişdir. Keçən illərdə olduğu kimi, bu il də konfransdan öncə bəzi ixtisaslar üzrə, məsələn, endokrinologiya, cərrahiyyə, stomatologiya, pediatriya, kardiologiya və ilk dəfə olaraq əczaçılıq ixtisasları üzrə kurslar təşkil edilmişdir. Hər il olduğu kimi, bu il də konfransın sonunda müxtəlif ixtisaslar üzrə münsiflər heyətinin rəyinə uyğun olaraq ən yaxşı çıxışlara görə fərqlənən rezidentlərə və magistrlərə, eləcə də onların rəhbərlərinə  plaket və diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.

Bundan başqa rezidentlərin həm elmi, həm də praktik fəaliyyətini artırmaq və genişləndirmək üçün onlar müxtəlif xarici ölkələrdən dəvət edilmiş yüksək ixtisaslı alimlərin və həkimlərin oxuduqları mühazirələrdə və seminarlarda iştirak ediblər. Eyni zamanda bəzi kafedralarımızda, məsələn, cərrahi xəstəliklər, şüa diaqnostikası, pediatriya, mamalıq-ginekologiya, terapiya və digər kafedralarda müvafiq ixtisaslar üzrə aktual xəstəliklər, onların diaqnostika və müalicəsinin təşkili haqqında seminarlar keçirilir, nətıcələr rezidentlərlə birlikdə müzakirə edilir. Təşkil olunan seminar və treninqlərdə ümumi qaydalar (protokollar) rezidentlərə izah edilir. Bu cür seminar və treninqlərin keçirilməsi daha da genişləndirilməli və əksər  ixtisasları əhatə etməlidir”.

Hesabat məruzəsində rezidentura təhsilində dövri və yekun attestasiyaya hazırlıq və onların keçirilməsi qaydalarına da geniş yer ayıran məruzəçi qeyd edib ki, hər il olduğu kimi bu il də yekun attestasiyasının keçirilməsinə hazırlıqla bağlı cənab nazirin 24.10.2019-cu il tarixli  əmri ilə təsdiq edilmiş komissiya üzvlərinin görüşü keçirilib: “Görüşdə komissiya üzvləri attestasiyanın keşirilməsi qaydaları və rezidentlərin biliyinin qiymətləndirilməsinə olan tələbatlarla və təlimatlarla tanış edildilər. Eyni zamanda bu il yekun attestasiyasının keçirilməsi ilə əlaqədar yeniliklər də komissiya üzvlərinin nəzərinə çatdırıldı. Komissiya sədri, hörmətli rektorumuz yekun attestasiyasının mütəşəkkil və obyektiv keçirilməsində komissiya üzvləri ilə bərabər Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinə, İmtahan Mərkəzinə və Appelyasiya Komissiyasına yarana biləcək hər hansı appelyasiya şikayətlərinin operativ və obyektiv həll etmələrini tapşırdı”.

R.Məmmədov bildirdi ki, bu il dövri və yekun attestasiyasının keçirilməsi ilə əlaqədar rektorun göstərişinə əsasən əksər ixtisaslara aid suallar yenilənmiş və buraxılış yekun attestasiya suallarının yenilənməsi ilə bərabər, həm də yeni tipli test sualları hazırlanaraq ümumi test suallarına əlavə edilmişdir: “Testlərin hazırlanması öncəsi treninqlər keçirilmiş və hər ixtisas üzrə ekspertlərə testlərin hazırlanması qaydaları izah edilmişdir. Bundan başqa hazırlanmış test suallarının məxfiliyinin təmin edilməsi və həmin testlərin vaxtında İmtahan Mərkəzinə çatdırılması onların nəzərinə çatdırılmışdır.  Bu il dövri attestasiya olduğu kimi, yekun attestasiya üzrə də test sualları yenilənmiş və ilk dəfə olaraq yeni tipli suallar əlavə edilmişdir”.

Əvvəlki illərə nisbətən bu il komissiya üzvlərinin öz işlərinə  daha məsuliyyətlə yanaşdığnı və bəzi kiçik gecikmələrə baxmayaraq imtahanların vaxtında başladığını və komissiya üzvləri tərəfindən lazımi səviyyədə aparıldığını diqqətə çatdıran məruzəçi dedi ki, imtahanların təşkilinə və keşirilməsinə klinika rəhbərləri də yaxından köməklik göstəriblər: “Komissiya üzvləri ilə hörmətli rektorumuzun görüşündə də qeyd olunduğu kimi, universitetimizə gətirilən müasir stimulyatorların köməyindən istifadə edərək bu il ilk dəfə mamalıq-ginekologiya və ümumi cərrahiyyə ixtisasları üzrə imtahanlar OSKİ tipli imtahana oxşar şəkildə keçirilmişdir. Qeyd etmək istəyirəm ki, bu imtahanlar ilk dəfə keçirilməyinə baxmayaraq çox yüksək səviyyədə təşkil olunmuşdur. Növbəti ildən terapiya, pediatriya, qastroenterologiya, anesteziologiya-reanimatologiya və digər ixtisasların da kliniki bacarıq imtahanlarının bu cür keçirilməsi nəzərdə tutulmuşdur”.  

Əvvəlki illərdə hər bir klinikamızda elmi-tədris mərkəzinin yaradıldığını, əksər rezidentlər üçün multi-media sistemi ilə təchiz olunmuş otaqların ayrıldığını, attestasiyaların virtual test mərkəzində kompyuter vasitəsilə aparıldığını, müxtəlif ixtisaslar üzrə tədris proqramlarının təkmilləşdirilməsi prosesinin davam etdirildiyini söyləyən şöbə müdiri yeni təkliflərini də şura üzvlərinin diqqətinə çatdırdı.

Məruzə ətrafında çıxış edən kafedra müdirləri Nuru Bayramov, Elmira Əliyeva, İsfəndiyar İsmayılov, Məlahət Sultanova və tələbə dekan Kamil Quliyev rezidentlərin gündəlik iş prinsipindən, onların əməliyyatlarda iştirakını təmin etməyin həlli yollarından söhbət açdılar. Bazalarda rezidentlərə qarşı yad münasibətin aradan qaldırılması və tədris proqramları barədə fikirlərini bölüşən natiqlər müəllimlərin bir qisminin rezidentlərlə işinə vicdanla yanaşmamasını da dilə gətirdilər. Onlar rezidentlərlə ciddi məşğul olmağın əlverişli formalarının axtarılıb tapılması, test suallarının primitivliyi və eyni zamanda tədris proqramlarının həyata keçirilməsi istiqamətində öz təklif və rəylərini irəli sürdülər.

 

Müzakirələri yekunlaşdıran professor Gəray Gəraybəyli rezidentura pilləsinə keçidin strateji cəhətdən son 8 il ərzində tibb təhsili sahəsində aparılan islahatların ən vacibi olduğunu vurğuladı: “Rezidentura təhsili universitetimizdə aparılan təhsil sistemin ən vacib və ayrılmaz tərkib hissəsidir. Hər birimiz bu sahəyə böyük diqqət etməli və çox məsuliyyətlə yanaşmalıyıq. Bu heç də təsadüfi hal deyil ki, rezidentura universitetimiz və bütövlükdə  tibb təhsili üçün əhəmiyyətli sahədir”.

 Məruzədə və çıxışlarda səslənən problemlərə münasibət bildirən rektor bəzi bazalarda rezidentlərə yad münasibətin hələ də davam etdiyini, ancaq buna baxmayaraq bir çox müsbət nümunələrin də olduğunu söyləyərək qeyd etdi ki, təhsil- tədris prosesinin düzgün qurulduğu kafedralarda rezidentlərə münasibət də qənaətbəxşdir: “Həqiqətən də son illər rezidentura təhsilində çox böyük irəliləyişlər olub. Həm rezidentlərə olan münasibət, proqramların təkmilləşməsi, həm onlara olan yanaşma və təlabatda, həm imtahanların formatında və eləcə də bir çox məsələlərdə təbii ki, irəliləyişlər olub. Mən burada səslənən təkliflərlə razıyam. Artıq təcrübə də göstərir ki, istər kurator, istərsə də proqramların təkmilləşdirilməsi nöqteyi nəzərindən xeyli irəliləyişlər var Ancaq yenə də bir çox problemlər hələ var. Rezidentura təhsili çox mürəkkəb bir təhsil növüdür. Səmimi etiraf edək ki, hələ bəzilərimiz rezidenturanı tam tərkibdə dərk etmir və ölkəmizdə tibb təhsilinin ikipilləli olduğunu yetərincə anlamırıq. Hələ də tələbələrə seçdikləri ixtisas  tələbilə yanaşmırıq. İndi artıq zaman dəyişib. Biz təkcə mühazirələrlə, seminarlarla mütəxəssis hazırlamaq məqsədimiz yoxdur. Rezidentlərin özləri də bəzi kafedralara və şöbələrə yalnız vaxt itirmək üçün getdiklərini deyirlər. Təbii ki, belə rezidentlər haqlı narazılıq edirlər. Keçən il Apellyasiya şikayəti olmadığı halda, bu il birinci və sonrakı mərhələdə şikayətlər olub. Mənim buna əslində iradım yoxdur. Hesab edirəm ki, imtahan formatını dəyişməkdə düz yoldayıq. Mən burada səslənən təkliflərin bəzisi ilə razıyam, bəzisi ilə yox. Çünki hazırda dünyada və ölkəmizdə kəmiyyətdən keyfiyyət dəyişikliyinə keçilir. Qoy təhsilini 100 nəfər deyil, 50 nəfər bitirsin, amma savadlı mütəxəssis olsun. Burada səslənən fikirlər əlbəttə nəzərə alınır. İstər Təhsil Nazirliyi, istər İmtahan Komissiyası tərəfindən edilən təkliflərə baxılır və islahatların həyata keçirilməsi məqsədilə proqramlar hazırlanır. Növbəti ildən rezidenturaya qəbul qaydalarında dəyişiklik olmasını çox böyük səbirsizliklə gözləyirik. Bizim də bu barədə təkliflərimizin nəzərə alınacağına ümid edirəm”.

 

Səhiyyə nazirliyinin də rezidentura təhsilini daim diqqət mərkəzində saxladığını deyən professor G.Gəraybəyli bu istiqamətdə ciddi iş aparıldığını və yeni islahatların gözlənildiyini həmçinin, rezidentura hazırlığında ATU-nun rolunun daha da artırılmasının nəzərdə tutulduğunu söylədi.

 

Rotasiyalara diqqət yetirməyin vacibliyini vurğulayan rektor rezidentlərdən şikayətlər gəldiyini və bu şikayətlərin bir qisminin kuratorların təyin edilməsi ilə bağlı olduğunu dedi. Hər bir rezidentin elektron bazasının olmasını da zəruri sayan universitetin rəhbəri bildirdi ki, hər bir elan və yaxud imtahanda edilən dəyişiklik haqqında olan məlumat  rezidentin elektron ünvanına çatdırılmalıdır.

 

Çapa tövsiyə edilən əlyazmalar barədə təklifləri təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırdı.