Dekabrın 12-də Azərbaycan Tibb Universitetində 2019-2020-ci tədris ilinin Payız semesrtrinin Qış imtahan sessiyasının dekabrın 28-də başlanacağı ilə əlaqədar olaraq imtahan nəzarətçiləri ilə görüş keçirilib. Görüşdə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək bildirib ki, bu görüşün məram və məqsədi imtahanları şəffaf şəkildə keçirməkdir: “Tədbirdə uzun illərdir imtahanlara nəzarət edənlər iştirak edir. Hesab edirəm ki, onların əksəriyyəti qaydalarla yaxından tanışdır. Ancaq nəzarət qrupuna yeni salınanlar da var. Onlar yaxşı təlimatlandırılmalıdır ki, imtahan prosesində problemsiz iştirak edə bilsinlər. Diqqətinizə çatdırım ki, yaxşı nəzarətçilərə bir sıta güzəştlər tanınacaq. İmtahana nəzarət etdikləri gün də işlədikləri kafedrada işdən azad edilirəcəklər.”
Prorektor bəzi nəzarətçilərdən narazı qaldıqlarını da bildirib. Videogörüntülər izlənilən zaman bəzi nəzarətçilərin öz vəzifələrinə biganə yanaşdıqlarının şahidi olduqlarını qeyd edib. Ona görə də nəzarətçilərə öz vəzifələrinə məsuliyyətlə yanaşmağı, ayıq-sayıq olmağı tövsiyə edib. Dekanların diqqətinə imtahan prosesində daha fəal olmağı, lazımi məsələlərə cidd nəzarət etmələrini çatdırıb.
Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov imtahanların hər gün 8.30-dan başlayacağını və saat 16.50-də başa çatacağını bildirib. Gün ərzində imtahan 10 partiya keçiriləcəyini qeyd edib: “İmtahanın gedişatı və nəzarətçilərin fəaliyyəti birbaşa rektorun nəzarəti altındadır. Məlumunuz olsun ki, imtahan sonrası prosesə təkrar baxış keçirilir və kimin necə nəzarət etməsi o zaman bəlli olur. Ona görə sizdən xahiş edirəm ki, təhkim olunduğunuz sıraya məsuliyyətlə yanaşın.”
İmtahan Nəzarət Qrupunun sədri Zümrüd Abaszadə çıxışında bildirib ki, bu tədris ilində imtahan sessiyasında iştirak edəcək əməkdaşların kafedralar tərəfindən siyahısı daxil olub. Bu sessiyada 149 nəfər əməkdaşın nəzarətçi qismində imtahanlara cəlb olunduğunu bildirən Z.Abaszadə nəzarətçilər üçün Təlimat Kitabçalarının çap olunduğunu deyib. Onun sözləriunə görə, nəzarətçilərin həmin kitabçalardan istifadə etməklə üzərlərinə düşən vəzifələrlə daha yaxından tanış ola biləcəklər.
İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova da qış imtahan sessiyasına hazırlıq işləri barədə geniş məlumat verib. Bildirib ki, imtahana hazırlıq tamamlanmaq üzrədir və mövcud texniki problemlər aradan qaldırılıb.
Ü.Cəfərova həmçinin bəzi kafedraların test suallarını İmtahan Mərkəzinə zamanında təqdim etmədiklərindən şikayətlənib. Bu cür halların onların ümumi işlərini ləngitdiyini diqqətə çatdırıb.
Sonda professor S.Əliyev dekanlara və nəzarətçilərə lazımı göstəriş və tövsiyələrini verib.