Tədris Cərrahiyyə Klinikasında daha 3 şöbə hesabat verdi

Dekabrın 12-də Tədris Cərrahiyyə Klinikasında daha 3 şöbə hesabat verib. Klinikanın direktoru, professor Surxay Hadıyev bü günkü hesabatların ümummilli liderimiz Heydər Əliyevin anım gününə təsadüf etdiyini vurğulayıb. O, həkimlərimizin fəaliyyətini həmişə yüksək qiymətləndirən dahi şəxsiyyətin Azərbaycan xalqının həyatındakı müstəsna xidmətlərini xatırladıb. Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra hesabatların təqdimatına başlanılıb.

 

Mərkəzi klinik-diaqnostuk laboratoriyanın müdiri, t.ü.f.d. Yavər Hacısoy laboratoriyanın bölmələri və tibbi personalı haqqında qısa məlumat verərək 2015-2018-ci illərdə və 2019-cu ilin 11 ayı ərzində müraciət edən xəstələrin müqayisəli statistikasını diqqətə çatdırıb. Onun sözlərinə görə, müraciət edən xəstə sayı 2018-ci ildə 79453, 2019-cu ilin hesabat dövründə isə 81672 olub. Hesabatda 2015-2019-cu illərdə aparılan test saylarının da müqayisəli statistikası öz əksini tapıb. Laboratoriyada keyfiyyətə daxili və xarici nəzarətin hazırkı durmuna da toxunan Y.Hacısoy müxtəlif müayinələr zamanı tətbiq olunan ən son yeniliklərdən də danışıb.

 

Radiologiya şöbəsinin hesabatını isə şöbənin müdiri, dosent Ramiz Bayramov təqdim edib. O, yanvar-noyabr ayları müddətində, həmçinin, il ərzində aylar üzrə aparılan müayinələrin sayını, həkimlərin aktivliyini açıqlayıb. MRT-də, KT-də və rentgendə aparıla bilməyən müayinələr haqqında da məlumat verən şöbə müdiri bu istiqamətdə görüləsi işlərlə bağlı təkliflərini səsləndirib. Radiologiya şöbəsinin hesabatını birlikdə hazırladıqlarını deyən Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova diaqnostika sahəsində qazanılan uğurlarla yanaşı, mövcud problemlərdən də söhbət açıb.

 

Təcili tibbi yardım şöbəsinin müdiri, assistent Əmrah Əhmədov illik hesabatı təqdim edərək bildirib ki, 746 xəstəyə ambulans xidməti göstərilib. Ümumi xəstə sayı 6875, təcili yardıma ehtiyacı olan xəstələrin sayı isə 3973 olub, 605 xəstəyə ambulator kart verilib. Həmçinin, 363 xəstədə kiçik əməliyyat icra olunub, 81 xəstəyə isə venadaxili infuziya tətbiq edilib. Sonda klinikanın baş həkimi, professor Ramiz Poluxov hesabatlara dair təklif və iradlara aydınlıq gətirib, burada səslənən sualları cavablandırıb. Klinikanın rəhbərləri həkim-xəstə münasibətinin bütün hallarda böyük önəm daşıdığını, müalicə və müayinələr zamanı xəstə məmnunluğunun prioritet olaraq qaldığını xüsusi qabardıblar.